"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyasında deyib. O qeyd edib ki, ötən ilin avqustunda Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidenti Donalt Trampın iştirakı ilə keçirdiyi görüşlər sülh danışıqlarında önəmli dönüşə səbəb olub: "Vaşinqton sammiti təkcə ölkələrimiz arasında sülhü bərqərar etməklə kifayətlənmədi, həm də ticarət, kommunikasiya və insanlararası əlaqələr üçün yol açdı. Hökumətlər arasında razılaşmalardan kənara çıxan bu yolu seçməklə biz həm də cəmiyyətlərimiz arasında əsl dialoq və etimad toxumları səpirik. Münaqişənin ağrılı humanitar nəticələri hələ də həll olunmasa da, uzaq-yaxın keçmişin yaraları davam etsə də, biz çətin - barışıq yolunu seçmişik".
Erməni nazir vurğulayıb ki, onun ölkəsi Ermənistan sülh yoluna qətiyyətlə sadiq qalır, sülhün institutsionllaşdırılması münaqişənin nəticələrinin həlli üçün daha əlverişli mühit yarada bilər.
Yeri gəlmişkən, amerikalı analitiklər də Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması və Zəngəzur dəlizi layihəsinin razılaşdırılmasında ABŞ administrasiyanın və şəxsən Donald Trampın müstəsna rol oynadığı qənaətindərlər. Siyasi təhlilçi Endryu DeAnieri Ermənistan mətbuatına açıqlamasında deyib ki, Vaşinqton və İrəvan arasında təmasların intensivləşməsi "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlanan Zəngəzur dəhlizi layihəsi üzrə tikinti işlərinin daha tez başlamasına imkan verəcək. O, həmçinin həm Zəngəzur dəhlizi layihəsinin reallaşmasına, həm də bütövlükdə sülh prosesinə təsir edə biləcək daha bir məsələyə - iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə diqqət çəkib: "Hazırda ən böyük sual işarəsi Ermənistandakı seçkilərdir. Baş nazir Nikol Paşinyanın partiyası hakimiyyəti qorumaq üçün daha bir mandat əldə etməlidir. Bir çoxları Rusiyanın seçkilərin nəticələrinə təsir göstərmək üçün addımlar atacağını gözləyir. Çünki Moskva Paşinyanın Azərbaycan və Ermənistan arasında sülh səylərini tənqid edir. Lakin indiki halda Rusiyanın prosesə güclü təsirə malik müdaxilə edə biləcəyi müəyyən suallar doğurur. Amma maraqlar toqquşmasında hər şey mümkündür. Hər halda Ermənistandakı seçkilərdən sonra sülhün perspektivləri haqqında daha çox şey biləcəyik".
Elxan SALAHOV