05.02.2026, 12:06
AZ EN
05.02.2026, 10:18 70

Kreml İrəvana təzyiqləri artıracaq - Zəngəzura görə

XƏBƏRLƏR
  • ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaz regionuna hələ ötən yayda planlaşdırılan səfəri yaxınlaşdıqca Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın da Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları diqqət çəkir. Səfərin fevralın 9-da Ermənistandan başlaması dəqiqləşdikdən sonra Zaxarovanın "TRİPP yolu" adlandırılan dəhlizin açılmasında Rusiyanın mümkün iştirakı barədə söylədikləri isə xeyli dərəcədə maraq doğurur.

"Vətən səsi" xəbər verir ki, siyasi təhlilçilər Mariya Zaxarovanın son açıqlamalarını Rusiyanın ABŞ administarsiyasının zəmanəti və birbaşa nəzarəti altında həyata keçiriləcək layihəsinin icra olunması ilə bağlı Ermənistana təzyiqi kimi qiymətləndirir. Qeyd olunur ki, Kreml Zəngəzur dəhlizi layihəsinin ABŞ-ın nəzarəti altında icra olunmasına açıq təzyiq edə bilməsə də, Sergey Lavrovun sözçüsü rolunu oynayan Zaxarovanın vasitəsilə buna qarşı olduğunu gizlətmir. Devid Vensin İrəvana səfərinə bir neçə gün qalmış xanım Zaxarovanın son iki brifinqdə Rusiyanın layihəyə qoşulması və dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisində iştirakı barədə söylədikləri isə dolayısı ilə Moskvanın İrəvana təzyiqləri artıracağı anlamına gəlir. Amma rəsmi Moskva bu niyyətini və istəklərini birbaşa deyil, diplomatik dillə layihənin iştirakçılarına, xüsusilə də Ermənistana çatdırır.

Beynəlxalq məsələlər üzrə təhlilçi Teymur Qasımlı hesab edir ki, Rusiya ötən ilin avqustunda Vaşinqtonda imzalanmış sənəddə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu"  adlanan Zəngəzur dəhlizinin reallaşmasında hər hansı formada iştirak etməyə çalışır. Lakin onun fikrincə, Ermənistan bu layihədə üçüncü tərəfdaş kimi yalnız ABŞ administarsiyasını seçdiyindən Moskva özünün regional maraqlarını qorumaq üçün İrəvana açıq təzyiq etməkdən çəkinir: "Açıq şəkildə görünür ki, Kreml bu layihədən kənarda qalmasından məyusdur. Amma məyusluğu dilə gətirə bilmirlər, Ermənistana açıq təzyiq etməkdən də çəkinirlər. Buna görə də Ermənistana dolayısı ilə, yəni parlament seçkilərinə 4 ay qalmış təzyiq göstərirlər. Kreml Ermənistanın daxilində Paşinyana müxalif qüvvələri səfərbər edib xalqı hakimiyyətə qarşı yönəltməklə seçkilərdə hakim komandanı qorxuda bilər. Sirr deyil ki, Ermənistanda rusiyapərəst və Qarabağdakı məğlubiyyətdən sonra Paşinyanın komandasına qarşı yönəlmiş revanşist qüvvələr hələ müəyyən gücə malikdir".

Ekspert hesab edir ki, Vensin Zəngəzur dəhlizinin açılmasına hesablanmış səfəri Rusiyanın Paşinyana qarşı təzyiqlərini artıra bilər.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfəri gələn həftənin əvvəlində reallaşacaq. Proqnozlara görə, bu səfəri Azərbaycanla Ermənistan arasında sülh və kommunikasiya xətlərinin açılması istiqamətində atılan addımları sürətləndirəcək. Səfər çərçivəsində Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin, yəni  42 kilometrlik dəmir və avtomobil yolunun tikintisi də mazakirə olunacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər