Tədbirdə Varşavanın Cənubi-Praqa rayonunun merinin müavini və əməkdaşları, bu ölkənin Xarici İşlər Nazirliyinin və Müsəlman Dini Birliyinin nümayəndələri, yerli ziyalılar, Azərbaycan icmasının üzvləri və səfirliyin əməkdaşları iştirak ediblər.
Səfir Nərgiz Qurbanova çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin 105 illiyinin böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu bildirib. Ölkəmizdə müasir ordu quruculuğunun əsasının hələ 1970-ci illərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan diplomat bu prosesin dövlət müstəqilliyinin bərpasından sonra milli ordunun formalaşdırılmasına əsaslı zəmin yaratdığını bildirib.
Azərbaycan-NATO fəal əməkdaşlığına toxunan səfir bu gün Azərbaycan Ordusunun hərbi qüdrətinə görə Cənubi Qafqazda birinci yerdə, dünyada isə ən güclü əlli ordu sırasında qərarlaşdığını diqqətə çatdırıb. N.Qurbanova Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ildə Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpasında həlledici rol oynadığını qeyd edib. O, Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin baş qərargah rəisi olmuş general Maçey Sulkeviçin Azərbaycanın və Polşanın milli ordusunda və “Armija Krayova”da mübarizə aparmış azərbaycanlı polkovnik Vəli bəy Yadigarın Polşa üçün şərəfli fəaliyyətindən danışıb və onların qəhrəmanlıqlarını vurğulayıb.
Varşavanın Cənubi-Praqa rayonunun merinin müavini Adam Çeçura çıxış edərək Azərbaycanda və Polşada böyük hörmətlə yad edilən polkovnik V.Yadigarın və general M.Sulkeviçin şücaətindən danışıb. Azərbaycan və Polşa arasındakı mövcud əlaqələrin də yüksək səviyyədə olduğunu qeyd edən A.Çeçura Polşa kimi Azərbaycanın da Ukraynaya humanitar yardımlar göstərdiyini və bunun Polşa tərəfindən təqdirlə qarşılandığını bildirib.
Polşa müftisi Tomaş Miskeviç nitqində ölkələrimiz arasında münasibətlərin formalaşmasında tarixi əlaqələrin önəmini qeyd edib və general M.Sulkeviçin tatar əsilli olmasına diqqət yetirib. V.Yadigarın xidmətlərinə toxunan Polşa müftisi onun nəşinin 1990-cı ildə Polşa Prezidentinin göstərişi ilə Argentinadan ölkəsinə gətirildiyini və Varşavadakı tatar-müsəlman məzarlığında dəfn olunduğunu qeyd edib.
Yazıçı, publisist, rejissor və prodüser Yeji Lubax Azərbaycan-Polşa əlaqələrinin tarixindən və hər iki ölkə uğrunda vuruşmuş hərbiçilərdən danışıb.
Sonra Varşavanın Yuzef Polinski parkında polkovnik Vəli bəy Yadigarın və general Maçey Sulkeviçin xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyulub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Polşanın ən nüfuzlu mətbuat orqanı olan “Reçpospolita” qəzetinin xüsusi buraxılışı qonaqlara təqdim olunub.
Sonda ziyafət verilib. (AZƏRTAC)