İclasdan əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə tər güllər düzüblər. Sonra Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ölkə Prezident İlham Əliyevin işğaldan azad edilmiş Laçın rayonuna tarixi səfərlərini və başlanmış geniş quruculuq işlərini özündə əks etdirən foto-stendə baxış keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan yığıncaqda Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə davam edən yığıncaqda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin hesabat məruzəsi dinlənilib. Məruzədə müasir Azərbaycan dövlətinin memarı və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə başlanmış sosial-iqtisadi inkişaf və quruculuq işlərinin 2003-cü ildən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olmaqla böyük məharət və əzmkarlıqla davam etdirilməsinin, ölkəmizdəki dönməz sabitliyin və təhlükəsizliyin qorunmasının, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinin, Azərbaycanın dünyada söz sahibinə çevrilməsinin, etibarlı tərəfdaş kimi regional və beynəlxalq layihələrdə aparıcı dövlət kimi iştirakının bütövlükdə laçınlılar tərəfindən də rəğbətlə qarşılandığı qeyd olunub.
Xüsusilə bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti sayəsində rəşadətli ordumuzun şücaəti ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi ədalət tam bərpa edilib. Məruzədə vurğulanıb ki, müharibədən dərhal sonra işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinə başlanılıb, Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə həmin ərazilərə mütəmadi səfərləri aparılan işlərin tempini daha da sürətləndirib. Dövətimizin başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş laçınlı məcburi köçkünlərin 2023-cü ildən doğma yurda qayıdışı başlayıb. Böyük Qayıdış proqramının icrası çərçivəsində indiyədək, ümumilikdə, 3647 nəfərdən ibarət 973 keçmiş məcburi köçkü ailəsi Laçın rayonu ərazisində, həmçinin 473 nəfərdən ibarət 126 ailə isə Qarabağın dağlıq hissəsindəki yaşayış məntəqələrində daimi məskunlaşıb. Buna və Laçında həyata keçirilən bərpa-quruculuq işlərinə görə Prezident İlham Əliyevə rayon sakinləri adından t minnətdarlıq bildirilib.
Yığıncaq iştirakçıları tərəfindən ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin içməli su təminatının yaxşılaşdırılması, 552 ailəlik qəsəbədə avtomobil yollarının təmiri və başqa təkliflər səsləndirilib. Yığıncaqda uzun illər rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup ziyalıya Laçın Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov və Milli Məclisin deputatı Rövşən Muradov iştirak ediblər.
Sonda yığıncağın qərar layihəsi oxunaraq yığıncaq iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.