22.01.2026, 05:21
AZ EN
21.01.2026, 17:43 108

Türk Dövlətləri Təşkilatı güc mərkəzinə çevrilir

XƏBƏRLƏR
  • "Qarabağ Zəfəri təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi hərbi uğur deyil, eyni zamanda Cənubi Qafqazda qüvvələr balansını köklü şəkildə dəyişdirən tarixi bir dönüş nöqtəsidir".

"Vətən səsi" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq baş nazir Binəli Yıldırım bildirib. O, deyib ki, Qarabağ Zəfəri və postmüharibə dövründə sülh quruculuğu prosesinin ən həlledici amillərindən biri Azərbaycanla Türkiyə arasında ən yüksək səviyyədə nümayiş etdirilən sarsılmaz həmrəylikdir: "Prezident İlham Əliyevin qətiyyətli, strateji və təmkinli liderliyi ilə Prezident Rəcəb Tayyib Ərdoğanın açıq, aydın və tərəddüdsüz dəstəyi həm döyüş meydanında, həm də diplomatik masada yeni güc balansının formalaşmasını təmin edib. Türkiyənin Azərbaycana verdiyi dəstək müvəqqəti, situativ və ya simvolik xarakter daşımayıb, ilk gündən etibarən açıq, prinsipial və strateji mövqe kimi ortaya qoyulub. Bu mövqe həm Azərbaycanın haqlı mübarizəsini gücləndirib, həm də bölgədə “fakt qarşısında qoyma”ya əsaslanan köhnə status-kvoların davamlı olmadığını nümayiş etdirib. Qarabağ Zəfərindən sonra formalaşan reallıq göstərdi ki, Cənubi Qafqazda yeni sülh və əməkdaşlıq nizamı yalnız ədalət və legitimlik prinsipləri üzərində qurula bilər. Bu proses Türkiyə-Azərbaycan münasibətlərinin artıq klassik mənada müttəfiqlik anlayışı ilə izah edilə bilməyəcəyini açıq şəkildə ortaya qoyub".

Binəli Yıldırım xüsusi olaraq vurğulayıb ki, hazırkı mərhələdə bu münasibətlər - ortaq təhlükə qavrayışı, ortaq təhlükəsizlik baxışı, ortaq regional məsuliyyət əsasında formalaşan ortaq gələcək inşası mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, müdafiə sahəsində inkişaf etdirilən əməkdaşlıq, siyasi və diplomatik koordinasiya, nəqliyyat və əlaqəli layihələr, eləcə də mədəni və tarixi bağların institusionallaşdırılması bu ortaq gələcək anlayışının konkret və geridönməz addımlarıdır: "Xüsusilə, Qarabağ Zəfərindən sonra imzalanan razılaşmalar və nümayiş etdirilən siyasi iradə iki ölkənin taleyini təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər üçün də birlikdə düşünmək əzmini əks etdirir. Əliyev-Ərdoğan liderliyi Türk dünyası baxımından təkcə iki ölkə arasındakı münasibətləri deyil, həm də regional baxışı və strateji istiqaməti müəyyən edən əsas istiqamətə çevrilib. Türkiyə-Azərbaycan münasibətləri bu gün artıq sadəcə “yan-yana dayanmaq” mərhələsini geridə qoyub, eyni məqsədə doğru birlikdə addımlamaq, yəni ortaq gələcək qurmaq mərhələsinə keçib".

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri qurumun ötən yay Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Toplantısından da danışıb. O, qeyd edib ki, Qəbələdəki toplantının məhz “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunması "TDT+" formatının yaradılması mühüm tarixi əhəmiyyət daşıyır: "Bu addım təşkilatın həm xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirib, həm də daxili inteqrasiya potensialını gücləndirib. Sözügedən qərar Azərbaycanın sədrliyi dövründə TDT-nin strateji gündəminin iqtisadiyyat, təhlükəsizlik və sülh prizmasından zənginləşdirildiyini göstərir. Qəbələ Zirvəsində qəbul edilən qərarlarla TDT artıq təkcə mədəni və iqtisadi əlaqələr platforması deyil, eyni zamanda regional sülh, təhlükəsizlik və logistika inteqrasiyası üzrə koordinasiya yaradan bir quruma çevrilmək iradəsini ortaya qoyub. Bu kontekstdə birgə hərbi təlimlərin təşviqi və müdafiə sahəsində uyğunlaşma məsələləri gündəmə gətirilib, klassik "yumşaq güc" əməkdaşlığından kənara çıxan, real təhlükəsizlik mexanizmləri ilə dəstəklənən yeni yanaşma formalaşıb.

Binəli Yıldırım əlavə edib ki, Azərbaycan və Türkiyənin liderliyi ilə digər türk dövlətləri ilə münasibətlər çoxşaxəli inteqrasiya proqramı əsasında dərinləşdirilir. Belə ki, müdafiə və təhlükəsizlik sahəsində birgə təlimlər, məlumat mübadiləsi və təhlükəsizlik əlaqələrinin genişləndirilməsi, iqtisadiyyat və infrastruktur sahəsində Orta Dəhlizin inkişafı, ticarət və investisiya əməkdaşlığının artırılması, mədəniyyət və kimlik istiqamətində isə gənclər, təhsil, diaspor və ortaq tarix layihələrinin təşviqi də əsas prioritetlər sırasındadır.

Elxan SALAHOV

Oxşar xəbərlər