“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Paşinyan hakimiyyətinə müxalif mövqeyi ilə seçilən “Hraparak” nəşri yazır ki, Baş nazir həmin görüşdə Ermənistan ictimaiyyətini təəccübləndirə biləcək tezislər də irəli sürüb. Belə ki, Paşinyan ilk dəfə olaraq jurnalistlər vasitəsilə erməni biznesmenlərə müraciət edərək onları Azərbaycanla ticarət əlaqələri qurmağa çağırıb. Onun fikrincə, həm Bakı, həm də Ankara ilə sülh və əməkdaşlığa söykənən münasibətlər Ermənistan qarşısında böyük perspektivlər açır.
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və sərhədlərin açılması indi tamam başqa kontekstdə keçib. Hətta "Sülh kəsişməsi" və “TRIPP yolu” layihələri çərçivəsində Ermənistan-Türkiyə sərhədinin açılması Mərkəzi Asiyadan Avropa İttifaqına dəmir yolu xəttinin qurulması, avtomobil yolunun yaradılması, yeni boru xəttinin çəkilməsi imkanlarının genişləndirilməsi deməkdir. Yaşıl hidrogendən danışırıq. Sizi təəccübləndirəcək layihələr var: bu gün mənim üçün aydındır ki, gələcəkdə nə vaxtsa Mərkəzi Asiyadan Avropaya yaşıl hidrogen kəməri çıxacaq”, - deyə Nikol Paşinyan bildirib.
Ermənistanın Baş naziri Türkiyə ilə sərhədlərin açılması imkanları və bu prosesdə beynəlxalq ictimaiyyətin rolundan da danışıb. O, deyib ki, istənilən ikitərəfli münasibətlərdə beynəlxalq atmosfer böyük əhəmiyyət kəsb edir: “Bu məqsədə nail olmaq üçün beynəlxalq tərəfdaşların belə bir atmosfer yaratması çox vacibdir. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və sərhədin açılması o deməkdir ki, bu potensial boru kəməri əlavə marşrut əldə edəcək. Bu, həm bizim region ölkələrinin, həm də Avropa İttifaqı ölkələrinin xeyrinə olacaq”.
Nikol Paşinyan Hamburqdakı görüşdə işgüzar dairələrin nümayəndələrini avqustun 8-də Vaşinqtonda ABŞ və Azərbaycan prezidentləri ilə əldə etdiyi razılaşmalar barədə də məlumatlandırıb. O, Vaşinton görüşlərində çox mühüm qərarların qəbul edildiyini və Donald Trampın timsalında siyasi liderlik nümayiş etdirildiyini deyib: “Əlbəttə, bu, çox önəmli qərarlardır. Amma indi hiss edirəm ki, iqtisadiyyat siyasətdən irəlidədir. Məncə bu, çox yaxşı xəbərdir, çünki Ermənistan-Azərbaycan münasibətlərində və daha geniş kontekstdə inkişaf edən iqtisadi əlaqələr, iqtisadi maraqlar sabitliyin və təhlükəsizliyin ən etibarlı təminatıdır. Çünki regiondakı biznesmenlər birlikdə pul qazanmağa başlayanda onların hər biri öz ölkəsinə əlavə gəlir gətirəcək. Belə olan halda heç bir ölkə digərinin və bütövlükdə regionun sabitliyini pozmaqda maraqlı olmayacaq. Əksinə, onlar öz ölkələrinin və regionun sabitliyinə böyük maraq göstərəcəklər".
“Hraparak” nəşri yazır ki, Baş nazir erməni iş adamlarını siyasətlə deyil, bizneslə məşğul olmağa çağırıb. O, deyib ki, artıq siyasət meydanında fasilə verməyin vaxtı çatıb və indi hamı pul qazanmaq, ölkənin gəlirlərini artırmaq barədə düşünməlidir: “Diqqətin yayınması adətən təhlükəlidir: bu halda ən etibarlı və təsirli iş regional iqtisadiyyata gəlib regional siyasətdən yayınmaqdır. Əvvəllər düşünürdük ki, iqtisadiyyat siyasətə təkan verəcək, indi iqtisadiyyat siyasəti çəkəcək ki, bu, daha effektivdir”.
Elxan SALAHOV