Bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Ceyhun Bayramov deyib ki, Laçın dəhlizinə alternativ yolun tikilməsi müsbət bir təcrübə idi: “Bu yol ermənilərin yaşadıqları ərazilərdən keçirdi. Yolun tikintisi zamanı yerli ermənilərin müraciətləri nəzərə alınıb. Bu yolun tikilməsi zamanı inşaatda çalışanlarla ermənilər arasında normal bir ünsiyyət var idi. Yaxud Sərsəng su anbarı ilə bağlı müzakirələr aparıldı ki, torpaqların suvarılması üçün nə qədər su götürülsün, elektrik enerjisi istehsalı necə təmin edilsin. Ancaq ləkəli keçmişi olan şəxs bölgəyə göndərilir, ancaq Azərbaycan belə təxribatların qarşısını almağa hazırdır”.
Xarici işlər naziri qeyd edib ki, Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatların bura gəlməsinin tərəfdarı olub: “Ermənistan bunun qarşısını alıb. Azərbaycan bəyan edib ki, BMT-nin xüsusi qətnaməsində humanitar təşkilatların dövlətlərin ərazilərində necə fəaliyyət göstərməsi əksini tapıb. Ancaq Ermənistan şərt qoydu ki, bu beynəlxalq təşkilatlar Bakı ofisi ilə əlaqəli ola bilməz, beynəlxalq təşkilatlar Azərbaycan ərazisindən gələ bilməz. Ermənistanın destruktiv yanaşmasına görə, UNESCO-nun Qarabağa missiyası baş tutmayıb. UNESCO nədənsə, konsensus olmasını istəyir və bunu bəhanə edərək indiyə kimi bölgəyə gəlməyib. Baxmayaraq ki, bu halda buna ehtiyac yoxdur”.