"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı dünən Brüsseldə İrəvandan gəlmiş nümayəndə heyəti ilə görüşdən sonra məlumat yayıb. Bildirilir ki, həmin görüşdən sonra Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas media nümayəndələrin qarşısında keçirilən brifinqdə Ermənistanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb. O, əlavə edib ki, söhbət Avropa Birliyi ölkələrinin Ukraynadakı müharibəyə Rusiyaya tətbiq etdiyi sanksiyalara dəstəkdən gedir.
"Dünya nizamı dəyişir və strateji mövqelərin Avropa İttifaqının ortaq xarici siyasəti ilə uyğunlaşdırılması tərəfdaşlarımız, o cümlədən Ermənistan üçün çox vacibdir. Ermənistanın xarici siyasətinin birliyin qərarları ilə uyğunlaşma səviyyəsi hazırda 37 faizdir. Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar Avropa İttifaqı üçün sərtdir. Buna baxmayaraq, tərəfdaşlarımızdan da bunu istəyirik", - deyə Kaya Kallas açıq şəkildə bildirib.
Bu çağırışın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da qatıldığı Avropa İttifaqı-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında səsləndirilməsi rəsmi İrəvan qarşısında qoyulan çətin tələb kimi dəyərləndirilir.
Elxan SALAHOV