19.11.2025, 20:26
AZ EN
04.11.2025, 17:42 129

İrəvan Bakı ilə sülh quruculuğundan məmnundur

XƏBƏRLƏR
  • "Sülhün alternativi yoxdur, bu, təkcə dayanıqlı inkişafın məqsədi yox, həm də ilkin şərtidir".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan İrəvanda keçirilən "Orbeli 2025: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması" Forumunda deyib. O, hesab edir ki, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması dönüş nöqtəsi olub. Həmin görüşlər həm də iki ölkə arasında davamlı sülh və qarşılıqlı etimadın yeni səhifəsinin açılması üçün real əsaslar yaradıb: “Məmnuniyyətlə söyləyə bilərəm ki, sülh prosesi təkcə ideoloji xarakter daşımır, həm də artıq əməli nəticələr əldə etməkdədir. Bu gün Azərbaycan və Türkiyədən vətəndaş cəmiyyəti və media nümayəndələrinin bu platforma çərçivəsində burada olması öz sözünü deyir".

Arutyunyan vurğulayıb ki, regionda yolların açılması, sülhün bərqərar olması və tərəflər arasında yaranmış tarixi imkanın tam şəkildə reallaşdırılması regionda sabitliyi və təhlükəsizliyi təmin edəcək: "Dayanıqlı sülh həm də xalqlararası əlaqələrin inkişafına təkan verəcək, ölkələrin iqtisadi artımı və investisiya mühitinə müsbət təsir göstərəcək. Əminik ki, sülh və açıq ünsiyyət Cənubi Qafqazı bazarları, mədəniyyətləri və xalqları birləşdirən qlobal körpüyə çevirə bilər".

İrəvanda ilk dəfə təşkil olunan "Orbeli 2025: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” Forum avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması kontekstində Cənubi Qafqazda yeni yaranmış vəziyyətin müzakirəsinə həsr olunub. Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin də qatıldığı beynəlxalq sülh tədbirində Ermənistanın Baş naziri Nikol Paşinyan geniş nitq söyləyib. O, çıxışı zamanı Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığına görə Prezident İlham Əliyevə növbəti dəfə təşəkkür edib: "Bu qərar əvvəlcədən o miqyasda müzakirə olunmayıb, bizdə sadəcə olaraq məlumat var idi ki, qatar gələcək. Azərbaycan prezidentinin bəyanatı bizim üçün gözlənilməz oldu. Bu, Azərbaycandan nəinki gözlənilməz, həm də müsbət bəyanatın verildiyi hallardan biridir".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstanda həmkarı Qasım-Jomart Tokayevlə görüşərkən mətbuata açıqlamasında rəsmi Bakının Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Elxan SALAHOV

Oxşar xəbərlər