Oktyabrın 4-də Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri zamanı Ağdam şəhərində yaşayış məhəlləsinin, həmçinin rayonun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinin təməli qoyuldu. Doğma yurd yerlərinə geri dönməyi səbirsizliklə gözləyən sakinlər üçün bundan gözəl hədiyyə, yəqin ki, ola bilməzdi. Artıq Ağdama qayıdış onlar üçün bir xəyal deyil, sayılı günlərə çevrilib.
Bu gün dövlətimizin qarşısında duran ən prioritet məsələ erməni vandalizminə məruz qalmış yurd yerlərimizin müasir tələblər əsasında yenidən qurması, ən yüksək səviyyədə həyat şəraiti ilə təmin olunan şəhər və kəndlərin salınması, məcburi köçkünlərin ən qısa zamanda doğma torpaqlarına geri qayıtmasıdır. Böyük Qayıdışa tam sürətlə hazırlaşan Ağdam hər gün bir az da dirçəlir, abadlaşır.
Ağdamla bərabər, işğaldan azad edilən digər ərazilərdə də başlanan sürətli yenidən qurma və bərpa işləri planlı şəkildə həyata keçirilir. Yeni innovativ yanaşmalar tətbiq olunmaqla, mərhələli qaydada bütün sahələri əhatə edir.
Ağdamlılar Böyük Qayıdışa böyük sevinclə hazırlaşırlar. Bu sevinc onlarla söhbət zamanı özünü bir daha göstərdi.
Xıdırlı kənd sakini Nadir Cəbiyev:
-Hər birimiz, böyükdən-balacaya ayı- günü sayırıq, inşallah, tezliklə kəndimizə, evimizə gedərik. Biz 3 saylı obada yaşayırdıq. Kəndimizin bir tərəfi yeddi Xırman dağı idi, özümüz də kəndin ortasında tele-studiya deyilən bir təpə vardı, orda yaşayırdıq, bütün şəhər və kəndlərə verilişlər ordan ötürülürdü. Xıdırlının ərazisi 5 obadan ibarətdir, böyük kənddir. Bu gün doğma yurdlarımızda aparılan quruculuq işlər bizi daha çox sevindirir. Kəndə qayıdandan sonra yaşıllaşdırmada, evlərin tikintisində, ümumiyyətlə, nə lazımdırsa Prezidentimizə bu işlərin həyata keçirilməsində kömək etməyə hazırıq və edəcəyik.
Milli Məclisin deputatı, Aqil Abbas:
-Gələn ildən Ağdama köç başlayacaq. Ağdamda yüz minlik şəhər nəzərdə tutulub. İlk əvvəl on min nəfər köçə biləcək və sonrakı dəfə yenə ardıcıl olaraq köç başlayacaq. Ali məktələr, böyük sənaye müəsissələri nəzərdə tutulub. Bağlar salınır, nar, üzüm bağları salınır, taxıl əklir, aqrolizinq, aqropark fəaliyətə başlayıb. Xüsusilə Kəngərli tərəfdə çox iş görülür və bütün bunlar bizi çox sevindirir.
Hazırladı: Tahirə AĞAMİRZƏ