10.10.2025, 01:39
AZ EN
03.10.2025, 11:15 211

Mirzoyan Zəngəzur dəhlizi ilə bağlı təfərrüatları açıqladı

XƏBƏRLƏR
  • "Ermənistan və Azərbaycan bir-birləri arasında nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaq barədə razılığa gəliblər və burada söhbət bütün infrastrukturdan gedir. Məsələn, Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan Ermənistanın dəmir yolu sisteminə, daha sonra isə avtomobil yollarına və digər infrastrukturlara çıxış əldə edir".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “TVP World” telekanalına müsahibəsində deyib. O, Zəngəzur dəhlizi ilə bağlı bəzi təəssüratları açıqlayıb: "Biz bir-birimizin infrastrukturundan normal qonşular kimi istifadə edə bilərik. Həmin infrastrukturun Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında ən qısa əlaqə olan hissəsi TRIPP, yəni “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” kimi işlədiləcək".

Erməni nazir Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin tikintisi ilə bağlı razılaşmalardan da danışıb. O, qeyd edib ki, Ermənistan və ABŞ dəmir yolu keçidinin inşaatçısı və əsas operatoru olacaq konsorsium, şirkət yaratmağı planlaşdırır: "Bu konsorsium bu və ya digər işləri yerinə yetirmək və ya bütün keçid üçün bu və ya digər xidməti göstərmək üçün üçüncü şirkətləri cəlb edə bilər. Bundan əlavə, konsorsium həmçinin boru kəmərləri, elektrik xətləri və sairi həyata keçirə, tikə və sonra istismar edə bilər. Bütün razılaşmalar qarşılıqlı olacaq. Məsələn, biz də Naxçıvan Muxtar Respublikasının ərazisindən istifadə edərək Ermənistanın şimalı ilə cənubunu dəmir yolu ilə birləşdirməyə hazırlaşırıq. Hazırda belə bir dəmir yolu əlaqəsi yoxdur".

Layihə ilə bağlı əsas prinsiplərin razılaşdırıldığını deyən Ararat Mirzoyanın sözlərinə görə, hazırda ABŞ nümayəndə heyəti ilə birlikdə texniki həllər, keçidin texniki detalları və tikintinin operatoru olacaq konsorsium şirkətinin seçilməsi barədə müzakirələr aparılır: "Bu məsələlər barədə ABŞ-dan gələn işçi qrupla razılıq əldə etməliyik. Artıq amerikalı tərəfdaşlarımızla müzakirələrə başlamışıq. Düşünürəm ki, bu prosesi yaxın aylarda başa çatdıra bilərik, ondan sonra tikintiyə başlamaq lazımdır. Ekspertlər deyirlər ki, dəmir yolunun tikintisi ən azı iki il çəkə bilər".

Ararat Mirzoyan rəsmi İrəvanın Ermənistanla Azərbaycan arasında əlaqənin mümkün qədər tez qurulmasında, kommunikasiyaların açılmasında və bərpasında çox maraqlı olduqlarını da xüsusi vurğulayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər