"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan bildirib. O, qeyd edib ki, Ermənistanın sabiq prezidentləri Azərbaycanla müharibəni özləinin başlatdıqlarını etiraf ediblər.
Hayk Koncoryan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla münasibətləri normallaşdırmağa və problemi beynəlxalq hüquq çərçivəsində həll etməyə çalışan indiki hakimiyyəti tənqid edən hər üç sabiq prezidenti və onların tərəfdarlarını reallığı qəbul etməyə çağırıb: "Sizin sülh prosesini əngəlləməyə çalışdığınız aşkar məsələdir, bunları görməmək mümkün deyil. Biz söyləyəndə ki, siz müsbət gündəmlərin düşmənisiniz və Ermənistanda istənilən müsbət gündəmi aşağılamağa çalışırsınız, inciyirsiniz, amma əslində belədir".
Fraksiya rəhbəri parlamentdəki müxalifət nümayəndələrinə də müraciət edib. O, Nikol Paşinyana və onun komandasına müxalif qüvvələri "sülh" sözündən narahat olmaqda ittiham edib: “Türkiyə və Azərbaycanla normallaşmanın əleyhinə olanlar "sülh" sözünü eşidən kimi şoka düşürlər. Heç bir daxili narahatlıq olmadan belə, Ermənistanı müharibəni qızışdırmaqda ittiham etməyə başlayırsınız. Ermənistanın üç prezidenti - Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan Ermənistana qarşı belə ittihamlar irəli sürüblər, hər üçü Ermənistanı müharibəyə başlamaqda ittiham edib".
Elxan SALAHOV