"Vətən səsi" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, iddia edib ki, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Bakı və İrəvan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı razılaşmalar 2020-2022-ci illərdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə olunmuş anlaşmalardan irəli gəlib: “Onlar bunu ABŞ ərazisində bağlamaq qərarına gəliblər. Bu, qonşularımızın suveren hüququdur. Ancaq bunun necə işləyəcəyini görməliyik, çünki Vaşinqtondakı görüşdən sonra ilk bir neçə gündə eşidilən bütün müsbət mesajlar sənəd dərc edildikdən sonra skeptik qiymətləndirmələrə çevrilib. Göründüyü kimi, orada hər şey razılaşdırılmayıb”.
Rusiyanın xarici işlər naziri bu açıqlaması ilə Kremlin avqustun 8-də ABŞ-da Azərbaycanla Ermənistan arasında əldə edilmiş sülh razılaşmalarından heç də rahat olmadığını dolayısı ilə etiraf edib. Lavrov hətta həmin razılaşmalara qarşı çıxan Ermənistan müxalifətinin mövqeyini dəstəkləyərək Vaşinqton danışıqlarının nəticələrinə kölgə salmağa çalışıb. O, "müsbət mesajlar sənədin dərcindən sonra skeptik qiymətləndirmələrlə əvəz olunub” deməklə xüsusilə Zəngəzur dəhlizi ilə bağlı anlaşmanı şübhə altına alıb.
Xatırladaq ki, Rusiyaya bağlılığı şübhə doğurmayan keçmiş prezident Robert Köçaryanın rəhbərlik etdiyi Ermənistan müxalifəti də avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara qarşı çıxır. Onlar iddia edirlər ki, Baş nazir Nikol Paşinyan həmin sənədə təzyiq altında imza atıb və bu, qeyri-legitimdir.
Ermənistandakı hakim partiya və ictimaiyyətin əsas kəsimi isə hesab edir ki, artıq iki ölkə arasında sülh bərqərar olub və ən yaxın perspektivdə anlaşmanın müqavilə formasında imzalanması qaçılmaz olacaq. Ermənistan parlamentinin deputatı, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan da bu gün həmin məsələyə münasibət bildirib. O, parlamentin bu gün kerçirilən iclasındakı çıxışında deyib ki, Vaşinqton razılaşması reallıqdan da artıq razılaşmadır: "Əgər 8 avqust olmasaydı, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi və bəyannamə paraflanmazdı. Bu gün Ermənistanda və regionda sülh bərqərar olub, bu da reallıqdan da artıqdır. Bu, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalarla mümkün olub. Ermənistan müxalifəti isə buna qarşı çıxır. Çünki onlar yeni heç nə öyrənməyib və əvvəl söylədikləri fikirləri təkrarlayırlar. Lakin müxalifətin köhnə mətnləri avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra tam iflasa uğradı".
Elxan SALAHOV