"Vətən səsi" xəbər verir ki, bunu Böyük Britaniyadan olan politoloq Neil Vatson İran–İsrail müharibəsinin 9-cu günündə maraq doğuran bir sıra məqamları şərh edərkən deyib. O, bildirib ki, İsrail-İran savaşında milli maraqlar üstün gələcək: "İranda hə hansı bir çevriliş baş versəydi, güney azərbaycanlılar istənilən gələcək rejim tərəfindən sıxışdırılacaqdılar, çünki onlar sayca çoxdur və digər etnik qruplara nisbətən daha çox muxtariyyət istəyirlər. Təbii ki, bütün türk xalqlarını sevməyən kürdlərdən onlara qarşı istifadə olunacaq və bunun Azərbaycan, azərbaycanlılar və Türkiyə üçün müəyyən nəticələri ola bilər. Amma bu baş verməyəcək”.
İrlandiyalı tarixçi-analitik Patrik Uolş isə bildirib ki, İsrail-İran münaqişəsinin Vaşinqtonun Rusiya və Çinlə münasibətində geosiyasi baxımdan ciddi təsirləri olsa da, ABŞ prezidenti Donald Tramp müharibəyə görə çox narahatdır. Onun fikrincə, ABŞ-ın İrana hər hansı hücumu çox mənfi nəticələnəcək və bu, Trampın həm Rusiya, həm də Çinlə anlaşmalarında çətinlik yaradacaq: "Bu, Trampın tərəddüd etməsinin bir səbəbidir. O, İranla razılaşma əldə etmək istəyir. Əgər bunu bacararsa, bu, sabiq ABŞ prezidenti Obama ilə razılaşmanın inkişaf etdirilməsi olacaq. Lakin Tramp çətin ki, ABŞ İrana qarşı birbaşa müharibəyə daxil olmadan bu məsələdə Obamadan ciddi fərqlənəcək nəsə əldə etsin”.
O qeyd edib ki, İsrail İranda rejimin dəyişməsini deyil, rejimin dağılmasını istəyir. Patrik Uolşun fikrincə, İsrail sabit, qərbyönümlü İranın olmasında marağında deyil. Çünki Tehran rejiminin sivil inkişafı Təl-Əvivi ABŞ-ın dəstəyindən məhum edəcək: "İsrail ABŞ-ın dəstəyindən çox asılıdır və İran kimi düşməni olmasa, bu dəstək azalacaq. İsrailə İranın düşmən olması lazımdır və yaxşı olar ki, Tehranın əlində atom bombası olmasın. ABŞ-ın İranla bağlı planı yoxdur. Ona görə də çox güman ki, İran hökuməti yıxılarsa, bura ikinci Suriya olacaq”.
Patrik Uolş hesab edir ki, İsrail Türkiyənin Güney Azərbaycanda təsirinin qarşısını almaq üçün kürdlərlə müttəfiq olacaq və bura “ölüm zonası”na çevriləcək: “İran dağılacağı təqdirdə İsrailin əsas rəqibi Türkiyə olacaq və bu, mənim fikrimcə, İsrail-Azərbaycan münasibətlərini kökündən dəyişəcək. Kissincerin dediyi kimi, dövlətlərin dostu yoxdur, yalnız maraqları var”.
İrlandiyalı analitik bu məqamda İranın Xarici İşlər naziri Abbas Arakçinin türkiyəli həmkarı Hakan Fidanla görüşünə diqqət çəkir. O, deyib ki, Türkiyə və İran xarici işlər nazirləri regiondakı “İsrail problemini” müzakirə ediblər: “İsrail müharibələri əvvəllər antaqonist olan müsəlman dövlətlərini bir araya gətirdi, çünki onlar regional qeyri-sabitlik, fələstinlilərin acınacaqlı vəziyyətinə məyusluğun artması, əhalinin köçürülməsi, İsrailin xüsusilə 7 oktyabr 2023-cü il tarixindən etibarən təcavüzkar siyasətində cəlb etdiyi müxalif qruplardan, məsələn, kürd silahlılarından istifadə kimi ümumi problemlərlə üzləşiblər”.
Elxan SALAHOV