"Avrasiya İqtisadi İttifaqına qoşulmağın erməni xalqı üçün faydaları danılmaz və aşkardır. Bu fakt Brüsselin əsassız vədləri ilə müqayisə olunmazdır".
"Vətən səsi" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. Onun sözlərinə görə, qərbyönümlü Paşinyan hökumətinin yürütdüyü siyasət və Rusiyadan uzaqlaşmaq xətti Avropanın Ermənistan üçün qurduğu tələdir: "Böyük sual ondan ibarətdir ki, Avropa İttifaqı ümumilikdə Ermənistanı gözləyir, yoxsa indiki mərhələdə ölkədən əlverişli geosiyasi alət kimi istifadə etmək istəyir? Avrasiya İqtisadi İttifaqının Ermənistan üçün faydaları konkret rəqəmlərdə və faktlardadır və Brüsselin kimi və necə aldatdığı da hamıya məlumdur. Hazırda Ermənistana Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunun verilməsindən söhbət getmir, üzvlük onilliklər çəkə bilər".
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Rusiyanın çətiri altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında kömək istəyən Ermənistan hökuməti rəıdd cavabı aldıqdan sonra Rusiyadan üz çevirməyə başlayıb. Artıq beşinci ildir ki, Nikol Paşinyan hökuməti Rusiya və MDB səviyyəsində keçirilən tədbirlərdə iştirakdan imtina edir. Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Moskva-İrəvan münasibətlərində normallaşmanın olacağı gözlənilsə də, proqnozlar özünü doğrultmur. Bu gün isə məlum olur ki, Ermənistanın Baş naziri əvvəllər olduğu kimi, Avrasiya İqtisadi İttifaqının iyunun 26-27-də Minskdə keçiriləcək növbəti sammitinə də getməyəcək.
Elxan SALAHOV