"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazir Ararat Mirzoyan parlamentdəki çıxışında deyib ki, Rusiya ictimai xadimlərinin “təhrif olunmuş və qəbuledilməz qiymətləndirmələri” səbəbindən Rusiya tərəfinə nota göndərib. Bildirilir ki, Solovyov Rusiyanın “Rossiya-1” dövlət kanalındakı verilişində “artsax” məsələsini yenidən qaldırıb. O, Ermənistanın suverenliyini də sual altına alan çıxış edib.
Xatırladaq ki, Solovyov həmin çıxışında erməniləri “böyük xalq” adlandıraraq onları Paşinyana qarşı üsyana çağırıb. Rusiyalı teleaparıcı Paşinyan Erməni Apastol Kilsəsini xalqın əlindən almaq istədiyini də söyləyib.
Ermənistan mətbuatı Kremlin sifarişlərini yerinə yetirən Vladimir Solovyovun çıxışının Paşinyanın Türkiyəyə səfərindən əvvələ təsadüf etməsində də diqqət çəkir. Bildirilir ki, rəsmi Moskva İrəvanın Ankara və Bakı ilə yaxınlaşmasının, qonşu ölkələr arasında münasibətlərin normallaşmasının və nəhayət, Qarabağ məsələsinin birdəfəlik həll olunmasının əleyhinədir.
Qeyd olunur ki, Rusiyada yaşayan varlı ermənilərin maliyyələşdirdiyi Solovyov bu dəfə də Nikol Paşinyanla qarşıdurmada Erməni Apostol Kilsəsinin tərəfini tutub. O, hökuməti hədələyən erməni milyarder Samvel Karapetyanın müdafiəsinə qalxıb: "İki gün əvvəl Ermənistanda saxlanılan Karapetyanın tərifini göylərə qaldıran Solovyov Nikol Paşinyanı təhqir edib, onun hökumətini satqın "və alçaq” adlandırıb. Kreml təbliğatçısı rolunda çıxış edən teleaparıcı Ermənistan Baş nazirinin ünvanına açıq təhqir və aşağılayıcı ifadələr işlədib, onu Nikol yox, “Turkol” adlandırıb. Yəni, onun adının əvvəlindəki “Nik” şəkilçisini “Türk” sözü ilə əvəz edərək Paşinyanın türklərə xidmət etməkdə günahlandırıb. Solovyov bir az da uzağa gedərək Paşinyanı “artsax"ı (Qarabağ - red.) satmaqda ittiham edib və deyib ki, Ermənistanı da Qarabağın taleyi gözləyir".
Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyanın sabah Türkiyəyə işgüzar səfər edəcəyi gözlənilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu İstanbulda qəbul edəcək.
Elxan SALAHOV