22.11.2024, 18:58
AZ EN
04.10.2023, 16:29 255

Azərbaycan Qranada görüşündən imtina etdi – HƏDƏFƏ DOĞRU İNAMLI ADDIM

XƏBƏRLƏR

Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib. Artıq rəsmi Bakının çoxdan gözlənilən bu görüşdən imtina etməsinin səbəbləri də açıqlanıb.

“Vətən səsi” xatırladır ki,  Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi. Lakin Fransa və Almaniyanın xüsusi canfəşanlığı ilə rəsmi Ankaranın görüşdə iştirakı məqbul sayılmayıb. Məhz bundan sonra 4 ölkənin (Azərbaycan, Ermənistan, Fransa, Almaniya) və Avropa İttifaqının təklif etdiyi beşlik formatda anti-Azərbaycan ab-havası aydın görünməyə başlayıb. Xüsusilə Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Məhz bu səbəblərə görə Azərbaycan oktyabrın 5-də keçirilməsi planlaşdırılan görüşdən imtina edib. Bu, həm də o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla İspaniyada görüşü olmayacaq.

Azərbaycanın Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilməli olan beştərəfli görüşdən imtina etməsi müxtəlif aspektlərdən şərh olunmaqdadır. Siyasi analitik Asif Nərimanlı hesab edir ki, Azərbaycanın bu görüşdən imtina etməsinin səbəbi yalnız Fransa və Almaniyanın Türkiyənin masada iştirakına qarşı çıxması deyil. Onun fikrincə, Azərbaycanın bu seçimində daha iki mümkün hədəf var ki, bunun da birincisi Ermənistanın üstünlük qazanmaq imkanının əlindən alınmasıdır: ”İrəvanın kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələsinə öz yanaşması var. Ermənistan Naxçıvana maneəsiz keçidi, yəni Zəngəzur dəhlizini vermir. Üstəlik, sərhəddə “güzgü prinsipi”ni – qoşunların qarşılıqlı geri çəkilməsini istəyir”.

Ekspert bildirir ki, Ermənistanın bu niyyətlərinə yalnız Qərb platformasında nail olmaq imkanı var. Bu kontekstdə Qranada görüşü Ermənistan üçün əhəmiyyətli idi. Onun sözlərinə görə, Qranada görüşündə 4 tərəfin (Fransa, Almaniya, Avropa İttifaqı və Ermənistan) Azərbaycana təzyiqin ediləcəyi gözlənilirdi. Bu isə təkcə sülh danışıqlarında İrəvanın mövqeyinin gücləndirilməsi ilə bağlı yox, həm də Qarabağ məsələsi ilə bağlı ola bilərdi: “Çünki Qərbin “beynəlxalq missiya” adı altında bölgəyə daxil istəyi ortadadır.
 Rəsmi Bakının Türkiyənin də görüşdə iştirakını tələb etməsi bundan qaynaqlanır. Əliyev nəticəsi əvvəldən bəlli olan görüşə getməməklə İrəvanın üstünlüyünü əlindən aldı”.
 
Asif Nərimanlı hesab edir ki, Azərbaycanın Qranada görüşündən imtina etməsinin ikinci hədəfi Cənubi Qafqaza kənar müdaxilələrin zəiflədilməsidir. Onun fikrincə, antitrerror tədbirlərinin nəticəsi olaraq Qarabağ məsələsi sülh danışıqlarından çıxarılıb və artıq İrəvanın bu kartdan istifadə imkanı zəifdir. Bundan sonrakı mərhələdə sülh sazişinin imzalanması prosesinin sürətlənəcəyi görünür. Burada əsas həlledici amil Zəngəzur dəhlizinin açılması, daha doğrusu, bu kommunikasiyanın “yol”, yoxsa, “dəhliz” məntiqi ilə işə düşməsidir.
“Azərbaycan və Türkiyə Naxçıvana “maneəsiz keçidin – Zəngəzur dəhlizinin təmin edilməsini tələb edir. Rusiya bölgədə rıçaqlarını qorumaq, həm öz qoşunlarının dayanacağı yeni plasdarm yaratmaq, həm də Ermənistana yeni quru yol əldə etmək üçün “dəhliz məntiqi”ni müdafiə edir. Qərb isə Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını zəiflətmək, eyni zamanda, bölgədə iştirakçılıq payını artırmaq üçün Ermənistanın nəzarət edəcəyi “yol məntiqi”ni irəli sürür” – deyə, siyası analitik əlavə edib.

Ekspert bildirir ki, bu məsələdə Azərbaycan, Türkiyə və Rusiyanın Cənubi Qafqazla bağlı istəkləri uzlaşır. Bu istəklərə nail olmağın yolu isə kənar oyunçuların prosesə müdaxiləsinin qarşısını almaqdan, Ermənistanın “alternativ qapılarını” bağlamaqdan keçir: “Bu məqsədlə dördtərəfli format – Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan – təklif edildi və sülh sazişinin belə formatda imzalanması planı var. Əliyevin Qranadaya getməkdən imtina etməsi Cənubi Qafqazda proseslərin perspektiv inkişafını müəyyənləşdirmək gedişi hesab edilə bilər”.

Ekspert deyib ki, İrəvan Bakı və Ankaranın şərtlərinin qoyulduğu, Moskvanın da dəstəklədiyi masaya gəlməlidir. Asif Nərimanlının fikrincə, Qarabağda cəmi bir sutkadan da az çəkən lokal xarakterli antiterror tədbirlərinin regional hədəfi də bu idi.

Elxan SALAHOV

Oxşar xəbərlər