"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan yerli müxalifətin Azərbaycanın əzəli torpağı olan Qərbi Zəngəzura hücum edəcəyi ilə bağlı iddiaları şərh edərkən deyib. O, ermənilərin “Sünik" adlandırdığı Zəngəzur bölgəsi ilə bağlı gəzən söz-söhbətlərin əsassız olduğunu söyləyərək əhalini təşvişə düşməməyə çağırıb: “Süniklə bağlı təhlükə yoxdur. Mən bu cür açıqlamaları təxribat və əsassız hesab edirəm. Bunlar vətəndaşlar arasında təşviş, panika və qeyri-müəyyənlik yaratmağa xidmət edir”.
Paşinyan jurnalistlərə açıqlamasında onu da bildirib ki, hazırda Ermənistanla Azərbaycan arasında yeni müharibə təhlükəsindən yox, sülh razılaşması mövzusundan və regional əməkdaşlıq imkanlarının qurulmasından söhbət gedə bilər. Onun fikrincə, artıq Bakı və İrəvan arasında siyasi dialoq böyük perspektivlər vəd edir və bu, regionda davamlı sülhə nail olmaq üçün geniş imkanlar yaradır":
“Ermənistan və Azərbaycan sülh və dövlətlərarası ünasibətlərin qurulması haqqında saziş üzrə razılığa gəlib. Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq, sülh olacaq”, - deyə Baş nazir jurnalistlərə açıqlamasında əlavə edib.
Elxan SALAHOV