"Vətən səsi" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurması və qurumun toplantılarında iştirakdan imtina etməsi barədə fikirlərini açıqlayrkən bildirib. Rusiya mətbuatının yaydığı məlumata görə, Putin deyib ki, bu, Ermənistanın öz seçimidir: "Biz Ermənistanın KTMT ilə bağlı mövqeyini bilirik. Onlar özlərini KTMT-nin üzvü hesab edirlər, amma bu mərhələdə görüşlərdə iştirakdan kənarda qalırlar. Bu, onların seçimidir, biz onlarla əlaqədəyik".
Rusiya lideri Ermənistanla münasibətin normal olduğu qənaitindəıdir. Putin əlavə edib ki, iki ölkə arasında tarixi əlaqələr, iqtisadi-mədəni bağlılıq əvvəlki illərdə olduğu kimi qalır.
KTMT-nin baş katibi İmanqali Tasmaqambetov isə təşkilata qayıtmaq üçün Ermənistana çağırış edib: O, qeyd edib ki, İrəvanın KTMT-nin fəaliyyətində iştirak etməməsi və özünü bu platformadan kənar tutması təşkilatdakı tərəfdaşları düşündürməyə bilməz: Ermənistan məsələsi hər dəfə qaldırılır – təkcə Kollektiv Təhlükəsizlik Şurasının iclaslarında və mətbuat konfranslarında deyil, demək olar ki, jurnalistlərlə hər görüşdə bu mövzu gündəmdən düşmür. Ermənistan müstəqil, suveren dövlətdir və istədiyi təşkilata daxil olmaq və ya fəaliyyətini dayandırmaq hüququna malikdir.Amma ümid edək ki, müəyyən vaxtdan sonra Ermənistanın siyasi rəhbərliyi düşünülmüş qərar verəcək və biz birlikdə yolumuza davam edəcəyik".
Maraqlıdır ki, Moskvanın çətiri altında fəaliyyət göstərən KTMT-dən üz döndərən Ermənistan rəhbərliyi Rusiyanın təmsil olanduğu yeni birlikdə - 3+3 platformasında təmsil olunmaq niyyətini gizlətmir. İrəvan hətta bu platformaya üzv ölkələrin qarşıda keçiriləcək iclasının təşkilində yaxından iştirak etmək arzusundadır.
Elxan SALAHOV