"Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hər cür dəstək verməyə hazırdır". Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
“Prezident İlham Əliyev dəfələrlə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirib. Bu məsələ ilə bağlı danışıqlara başlamaq üçün münbit şərait yaradılmalıdır. Rusiya, öz tərəfindən, hər zaman bu müqavilənin hazırlanmasına dəstək verməyə hazırdır”, - səfir bildirib.
Onun sözlərinə görə, digər vacib məsələlər regionda nəqliyyat əlaqələrinin açılması, həmçinin Azərbaycan və Ermənistan arasında sərhəddin delimitasiyası və demarkasiyasıdır.
Rusiya səfiri vurğulayıb ki, nəqliyyat əlaqələrinin açılmasının, həmçinin regionda mehriban qonşuluq münasibətlərinin qurulmasının yolu üçtərəfli bəyannamənin bütün müddəalarının yerinə yetirilməsindən keçir ki, bundan bütün tərəflər qazanacaqlar: "3+3 formatı da buna yönəlib". ("Report")