Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın və səfirliyin bir neçə diplomatının faşizm üzərində qələbənin 80 illiyi ilə əlaqədar azərbaycanlı əsgərlərin xatirəsini yad etmək üçün Fransanın Aveyron departamentinin Rodez şəhərinə səfərləri yerli mətbuatda geniş işıqlandırılıb, səfərlə bağlı bir neçə məqalə dərc olunub. Qeyd olunub ki, səfər zamanı azərbaycanlı əsgər Mişel Hüseynovun məzarı ziyarət edilib.
Məqalələrdə “Souvenir français” təşkilatının Rodez şəhəri üzrə komitəsinin prezidenti, Aveyron departamentindəki müqavimət hərəkatı ilə bağlı kitabların müəllifi, tarixçi Vənsan Bezombun partizan hərəkatı, azərbaycanlı əsgərlərin şücaəti haqqında tədqiqatları haqqında məlumatlar yer alıb.
Fransanın azadlığı uğrunda canlarından keçmiş azərbaycanlı əsgərlər xatırlanıb, 1943-cü ildə Aveyron departamentinə faşistlər tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlərin Bürlup kazarmasına yerləşdirildiyi vurğulanıb. Bildirilib ki, əsir götürülmüş azərbaycanlılar gizli yollarla fransız partizanlara qoşulublar. Ancaq onların Fransa Müqavimət Hərəkatına qoşulmasından xəbər tutan faşistlər Bürlup kazarmasında qalan azərbaycanlı əsgərləri güllələyiblər. Buna baxmayaraq, bəzi əsgərlər partizanlara qoşulmağa nail olublar və Fransanın azadlığı uğrunda mübarizə aparıblar. (AZƏRTAC)