Bu fikirləri açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Hüquqları Araşdırma Komissiyasının sədri Derya Yanık bildirib.
Mayın 21-də Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusundakı beynəlxalq konfransda iştirak edən Derya Yanık deyib ki, bir hüquqşünas, millət vəkili və elm adamı olaraq belə bir tədbirin keçirilməsi çox böyük əhəmiyyət kəsb edir:
“Güclü bir Türkiyənin varlığı güclü Azərbaycan üçün təminatdır. Eləcə də güclü Azərbaycanın varlığı Türkiyə üçün təminatdır. Türk dünyasının sovetlərin dağılması ilə başlayan prosesdə yenidən ortaq hafizəni yaratmaları, haqlarının pozulması məsələsində bir-birilərinə dəstək olmaları təqdirəlayiqdir. Qarabağ məsələsi Azərbaycan qədər Türkiyənin də milli məsələsinə çevrildi, biz Qərbi azərbaycanlılar mövzusunu da milli məsələmizə çevirməliyik və bu istiqamətdə güclərimzi birləşdirməliyik”.
Komissiya sədri hesab edir ki, Qərbi azərbaycanlıların öz vətənlərinə qayıdışı məsələsini beynəlxalq qurumlarda iki müttəfiq dövlət olaraq birgə gündəmə gətirmək prosesə öz müsbət təsirini göstərəcək:
“Beynəlxalq hüququn əsas prinsiplərindən biri budur ki, insanlar öz doğma vətəninə qayıtmaq hüququna malikdirlər. Bu prinsip heç bir halda inkarolunmazdır. Qərbi azərbaycanlıların hüquqlarının pozulmasının iki əsrə yaxın tarixi var. Bu mövzunun təkrar gündəmə gətirilməsi çox önəmlidir. Bu məsələni mütəmadi olaraq aktuallaşdırmaqla problemi dünya ictimaiyyətinin diqqətinə daha tez çatdırmaq olar. Əminəm ki, bu fəaliyyətlər davam edəcək”. (Report)