20.05.2025, 22:48
AZ EN
20.05.2025, 13:03 209

Vinsan Bezomb: Aveyronda Fransanın azadlığı uğrunda yüzlərlə azərbaycanlı əsgər həlak olub

XƏBƏRLƏR
  • Aveyron departamentində Müqavimət Hərəkatında bir çox qrup olub. Maki (maquis) adlanan bu qruplara azərbaycanlı əsgərlər də qoşulublar və onlarla birlikdə azadlıq uğrunda mübarizə aparıblar.

Bu sözləri müsahibəsində “Souvenir Français” təşkilatının Rodez şəhəri üzrə komitəsinin prezidenti Vənsan Bezomb Rodezin azadlığı uğrunda mübarizə aparmış azərbaycanlı əsgərlərin xatirəsinin yad edildiyi tədbirdə deyib.

“Təəssüf olsun ki, azərbaycanlı əsgərlərin sayı dəqiq bilinmir, ancaq onlar Aveyron partizan hərəkatına qoşulublar. Onlardan bəziləri həlak olub, ancaq adları bilinmədiyi üçün naməlum qəbirlərdə uyuyurlar. Bəzilərinin isə burada gördüyünüz kimi qəribləri var.

Azərbaycanlı əsgərlər Aveyronun, eləcə də Fransanın azadlığı uğrunda həlak olublar. 1944-cü ilin yayında Aveyrona gətirilən azərbaycanlı əsgərlərin sayı məlumdur və bu, təxminən 1000-1200 nəfər hesab olunur. Ancaq onlardan nə qədərinin partizanlara qoşulduğu məlum deyil. Çünki Müqavimət Hərəkatı gizli ordu kimi idi və ona görə də dəqiq rəqəmlər, dəqiq adlar bilinmir. Nasistlərin repressiyasından qurtulmaq üçün hər şey gizli saxlanılırdı. Azərbaycanlı əsgərlərlə bağlı əsas çətinlik də məhz budur. Onların sayı, adları haqqında dəqiq məlumat yoxdur.

Ancaq dəqiqi odur ki, 1944-cü il avqustun 17-də beş azərbaycanlı əsgər Rodezdə nasistlər tərəfindən güllələnib. Nasistlərin kazarmalarında 60 azərbaycanlı əsgər işgəncə ilə, əl-ayaqları kəsilərək şikəst edilib, öldürülüb”, - deyə V.Bezomb Aveyron departamentinə yüzlərlə azərbaycanlı əsir gətirildiyini və onların Fransanın azadlığı uğrunda mübarizədə qəhrəmanlıqla həlak olduqlarını bildirib.

Qeyd edək ki, Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı partizanlar İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı mübarizədə mühüm rol oynamış qəhrəmanlar arasında yer alırlar. Nasistlər tərəfindən əsir götürüldükdən sonra Fransaya aparılmış azərbaycanlı əsgərlər Fransa Müqavimət Hərəkatına qoşularaq, azadlıq uğrunda savaşan partizanlar kimi tarixə düşüblər. (AZƏRTAC)

Oxşar xəbərlər