01.05.2025, 05:19
AZ EN
30.04.2025, 20:25 110

Azad edilmiş ərazilərdə torpaqların əkilməsi ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayacaq

XƏBƏRLƏR
  • Azad edilmiş ərazilərdə torpaqların əkin məqsədli istifadəyə verilməsi kənd təsərrüfatına bir sıra mühüm və müsbət təsirlər göstərəcək.

Bunu açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə ekspert İlqar İsmayılov deyib.

O bildirib ki, yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsi ümumi kənd təsərrüfatı məhsuldarlığını artıracaq:

"Bu, həm yerli tələbatı ödəməyə, həm də ixrac potensialını gücləndirməyə imkan verəcək. Həmçinin, azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı həmin regionlarda yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bu da yerli əhalinin geri qayıdışını və sosial-iqtisadi sabitliyi stimullaşdıracaq. Torpaq resurslarının səmərəli istifadəsi daxili ərzaq istehsalını artıraraq ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayacaq. Bu ərazilərin coğrafi və iqlim şəraitinin fərqli olması müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün yeni imkanlar açır, məhsul çeşidlərini artırır".

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli isə Trend-ə bildirib ki, azad edilmiş ərazilərdə torpaqların əkilməsinə təhlükəsizlik tədbirləri görüləndən sonra başladı.

"Artıq bir neçə ildir ki, həmin ərazilərdə əkin aparılır. Lakin əhalinin məlum səbəblərdən tam məskunlaşmaması, infrastrukturun tam hazır olmaması məhsuldarlığa mənfi təsir edən amillərdəndir. Ötən il Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir", - o qeyd edib.

Ekspert əlavə edib ki, bu ildən isə həmin ərazilərə köçürülmüş insanlara icarə ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə başlanılıb.

"Gələcəkdə bu torpaqlar investisiya müsabiqəsi ilə aqro şirkətlərə bəlli bir həcmdə bölünərək veriləcək. Bu da həmin torpaqların daha effektiv şəkildə istifadə olunmasına şərait yaradacaq. Gözlənilir ki, aqroşirkətlər həmin torpaqlara geniş investisiya qoyacaq. Bu da məhsuldarlığın artacağı, fərqli məhsulların yetişməsinin, növbəli əkin sistemindən istifadə olunmasının şahidi olacayıq", - deyə o qeyd edib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev KTN-in artıq kəndlərin inzibati sərhədləri daxilində, yəni məskunlaşma nəzərdə tutulan 44 kənddə torpaq sahələrinin müəyyən edilməsi və bu ardıcıllıqla da onların infrastruktura gətirilmə planlamasının aparıldığını bildirmişdi. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR