Məktubda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı törədilmiş soyqırımı aktının bəşəriyyət tarixinin qanlı səhifələrindən biri olduğu bəyan edilir, həmin gecə 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla, 613 azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi vurğulanır.
Məktubda Kolumbiyanın bu qanlı hadisəyə biganə qalmadığı, müxtəlif dövrlərdə Kolumbiya Konqresi tərəfindən qəbul edilmiş sənədlərdə Xocalıda həyata keçirilmiş qətliamın qətiyyətlə pislənildiyi və soyqırımı aktı kimi təsbit olunduğu bildirilir. Bu dəhşətli hadisənin 33-cü ildönümü ilə bağlı Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilməklə, Azərbaycan Hökumətinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verilir.
Eyni zamanda, Azərbaycanın Ermənistan ilə dayanıqlı sülhün əldə edilməsi və münasibətlərin normallaşması istiqamətində göstərdiyi səylər alqışlanır, doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ermənistan ərazisindəki dədə-baba yurdlarına tezliklə və ləyaqətlə geri dönüşünün, qayıdış hüququnun təmin ediləcəyinə ümid ifadə olunur.
Sonda Kolumbiyanın qardaş Azərbaycan xalqı ilə həmrəy olduğu, dostluq əlaqələrini genişləndirməklə ikitərəfli münasibətləri daha da gücləndirəcəyi qeyd olunur. (AZERTAC)