08.04.2025, 22:52
AZ EN
04.04.2025, 17:16 25

Manukyan: "Qarabağda hərbi təlimlərin planları Ermənistanda hazırlanırdı"

XƏBƏRLƏR

Ermənilərin 30 il ərzində işğal altında saxlanılan Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketi olmayıb.

"Vətən səsi" xəbər verir ki, bunu Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən erməni separatşılarından biri - Ermənistan silahlı qüvvələrinin keçmiş hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiş David Manukyan dövlət ittihamçısının suallarını cavablandırarkən bildirib. Ermənistan vətəndaşı olan Manukyan 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın cəbhədən uzaq ərazilərinə raket atılmasından xəbərsiz olduğunu, bu hadisələr barədə sonradan eşitdiyini iddia edib.

David Manukyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində keçirilən hərbi təlimlərlə bağlı da sualları cavablandırıb. Təqsirləndirilən şəxs Qarabağda hərbi təlimlərin keçirilməsi ilə bağlı göstəriş və planların Ermənistan silahlı qüvvələrinin baş qərargahından gəldiyini etiraf edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çox sayda cinayət törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Elxan SALAHOV

Oxşar xəbərlər