"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. O, qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni qarşılıqlı şəkildə razılaşsa da, bu, tərəflərin diplomatik və iqtisadi sahədə əməkdaşlığa başlaması demək deyil: "Çünki Bakı və İrəvan arasında bir-birinə qarşı inam yoxdur və etimada gətirib çıxara biləcək körpülər qurulmayıb. Lakin belə görünür ki, Azərbaycan sülh prosesində güclü tərəf kimi öz maraqlarını qorumaqla yekin razılığa nail olacağına əmindir ".
Vardan Oskanyan vurğulayıb ki, sülh sazişi ilə bağlı yekun razılaşmanın əldə olunması və sənədin imzalanması Azərbaycanın Ermənistan rəhbərliyi qarşısında qoyduğu iki əsas tələbi nə vaxt yerinə yetirəcəyindən asılıdır: “Ermənistan-Azərbaycan danışıqlarının hazırkı mərhələsində Bakı İrəvandan Qarabağa iddia kimi şərh oluna biləcək hər hansı ifadələri istisna edən yeni konstitusiya qəbul etməyi tələb edir. Yəni, Ermənistan öz konstutusiyasını dəyişməli və Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkməlidir. Baş nazir Nikol Paşinyan Bakının tələbini yerinə yetirməyə və yeni konstitusiya qəbul etməyə hazırdır”.
Xatırladaq ki, rəsmi Bakı sülh sazişinin imzalanması üçün İrəvan qarşısında iki şərt qoyub. Bunlardan biri Ermənistanın konstitusiyasının dəyişdirilməsi, digəri isə üçüncü qüvvələrin, yəni Avropa İttifaqının müşahidə missiyasının şərti dövlət sərhəddən çıxarılması ilə bağlıdır. Ermənistan hər iki şərti yerinə yetirəcəyi halda Azərbaycan hökuməti yekun sazişi imzalamağa hazır olduğunu bəyan edib.
Elxan SALAHOV