09.06.2025, 08:04
AZ EN
03.04.2025, 09:51 237

ABŞ-da ermənilərin mina terroru pislənilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarının səfirliyinin təşkilatçılığı ilə Vaşinqton şəhərində yerləşən “Hudson” Universitetinin beyin mərkəzində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nümayəndə Heyəti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, səfirlik nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil edilib.

Agentliyin İdarə Heyətinin sədr müavini Samir Poladov dəyirmi masada iştirak edən beyin mərkəzinin aparıcı eksperti Mayk Doran və digər əməkdaşlara, həmçinin tədbirdə iştirak edən tədqiqatçı və tələbələrə Azərbaycanda aparılan humanitar və minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumat verib. O, bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, yəni 2020-ci ilin noyabrın 10-dan bu günədək Azərbaycanda 385 nəfər mina qurbanı olub. Bunlardan 315-i xəsarət alıb, 70 nəfər isə həyatını itirib. O, tədbirin keçirildiyi gün belə bir nəfərin Ağdam rayonu ərazisində mina partlaması nəticəsində xəsarət aldığını da qeyd edib. ANAMA rəsmisi bildirib ki,10 noyabr 2020-ci il tarixindən bu günədək baş vermiş mina hadisələrinin 152-si işğaldan azad edilmiş ərazilərimizdə keçmiş təmas xəttindən kənarda qeydə alınıb.

“Azərbaycan bu sahədə üzləşdiyi problemlər, həyata keçirdiyi fəaliyyətlər barədə ətraflı təqdimat hazırlanıb müşavirə iştirakçılarına çatdırılmışdır ki, Azərbaycanda minatəmizləmə fəaliyyətinə ayrılmış vəsaitin 5 faizədək həcmi  beynəlxalq donorlar tərəfindən  ayrılmışdır və bu sahədə beynəlxalq diqqətin və yardımın artırılması üçün fəaliyyətimizi biz davam edirik və görüşlərimizdə də hər zaman bunu qeyd edirik”,- deyə Samir Poladov vurğulayıb.

ANAMA rəsmiləri dəyirmi masa zamanı “Hundson” Universitetindən olan ekspertlərin Azərbaycanda həyata keçirilən humanitar, minatəmizləmə əməliyyatları, istifadə olunan avadanlıqlar və texnikalar donorların rolu barədə çoxsaylı sualları cavablandırıblar.

Daha sonra ölkəmizdə mövcud olan mina problemi və mina təhlükəsi mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə dair geniş təqdimat edilib. Təqdimatda 2020-ci ilin 10 noyabrından bu günədək 190 min hektardan artıq ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizləndiyini və bu müddətdə 36 mindən çox piyada əleyhinə, 21 mindən artıq tank əleyhinə mina və 133 mindən artıq partlamamış hərbi sursat aşkar edildiyi qeyd olunub. Həmçinin Amerika Birləşmiş Ştatlarının Marşal İsri İnstitutunun Azərbaycana 90-dan artıq minaaxtaran it ianə etdiyi, bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının müxtəlif qurum və institutlarının Azərbaycanda mina fəaliyyətləri proqramına dəstək məqsədilə həyata keçirdiyi təlimlər vurğulanıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər