Bunu “AzerGold”un 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə çıxışı zamanı QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib. O bildirib ki, Ermənistan və bəzi Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə QSC-nin müvafiq dövlət qurumları ilə birgə fəaliyyətini davam etdirir.
Rusiya sülhməramlılarının müvəqəti nəzarətində olan və faydalı qazıntı yataqlarının qanunsuz istismarının aparıldığı yataqlarda araşdırma, əmlakın inventarizasiyası və ekoloji monitorinqin aparılması məqsədilə ötən ilin dekabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət monitorinq qrupunun əraziyə səfərinə süni maneə yaradıldığını xatırladan İdarə Heyətinin sədri mütəxəssislərin qanuni fəaliyyətinə imkan yaradılmamasının narahatlıq doğurduğunu bildirib. O, ekofəalların Laçın-Xankəndi yolunda 2 aya yaxındır ki, davam edən etiraz aksiyaları ilə yüksək əzmkarlıq, əsl vətəndaş mövqeyi nümayiş etdirdiklərini də diqqətə çatdırıb. Vurğulanıb ki, “AzerGold” QSC bundan sonrakı mərhələlərdə də dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verəcək, öhdəsinə düşən vəzifələri yerinə yetirəcək. (APA)