Bu barədə azərbaycanlı politoloq, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun elmi işçisi Anastasiya Lavrinanın “EU Today” nəşrində dərc olunmuş məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, tarixi ədalətsizliklərin bərpası dövlətlər arasında münasibətlərdə sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından ən mühüm şərtdir. Beynəlxalq səviyyədə tanınması tələb edilən ən faciəli hadisələrdən biri Ermənistan-Azərbaycan münaqişəsinin qaranlıq səhifələrindən biri olan Xocalı soyqırımıdır. 2025-ci ildə Azərbaycan bu faciənin 33-cü ildönümünü qeyd edir və beynəlxalq ictimaiyyət həqiqətə, ədalətə və gələcəkdə belə cinayətlərin qarşısının alınmasına sadiqliyini bir daha təsdiq etməlidir.
Müəllif diqqəti 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə vəhşicəsinə hücumuna cəlb edir. Bildirir ki, rəsmi məlumatlara görə, 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 mülki şəxs həlak olub. Bir çoxları uzaq məsafədən vurulub, digərləri qaçmağa çalışarkən donaraq ölüb. Sağ qalanlar ailələrin kütləvi şəkildə qətlə yetirilməsinə, insanların diri-diri yandırılmasına, əsirlərə işgəncə verilməsinə şahidlik edir.
A.Lavrina yazır: “Çoxsaylı sübutlara baxmayaraq, Ermənistan Xocalı soyqırımına görə məsuliyyətini inkar etməkdə davam edir. Bununla belə, Ermənistan bir sıra rəsmiləri strateji məqsədlər üçün kütləvi zorakılıqdan istifadə edildiyini açıq şəkildə etiraf ediblər. Belə ki, o vaxt hərbi komandan, sonra isə Ermənistan Prezidenti olmuş Serj Sarkisyan müsahibələrinin birində bildirirdi: “Xocalıya qədər azərbaycanlılar bizimlə zarafat edə biləcəklərini, ermənilərin dinc əhaliyə əl qaldırmağa qadir olmadığını düşünürdülər. Biz bu stereotipi qıra bildik”. Bu etiraf törədilmiş cinayətin qəsdən və məqsədyönlü olduğunu vurğulayır. Lakin üstündən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, ədalət hələ də bərqərar olunmayıb və günahkarlar cəzalandırılmayıb”.
Siyasi icmalçının sözlərinə görə, Xocalı soyqırımı təkcə keçmişin faciəvi hadisəsi deyil, həm də Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün həllini tələb edən aktual insan hüquqları problemidir. BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına əsasən, Xocalıda azərbaycanlı mülki əhalinin qəsdən kütləvi şəkildə qətlə yetirilməsi soyqırımının hüquqi təfsirinə daxildir. O vurğulayır: “Bu faciənin beynəlxalq səviyyədə tanınması təkcə mənəvi borc deyil, həm də gələcəkdə bənzər cinayətlərin qarşısının alınması baxımından zəruri addımdır”.
Məqalənin sonunda qeyd olunur: “Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılması və Xocalı faciəsi qurbanlarının parlaq xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il fevralın 25-də Xocalı şəhərində “Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb. Bu təşəbbüs həqiqətin ört-basdır edilməyəcəyini və cəzasızlığın qəbuledilməz olduğunu simvollaşdırır. Həqiqəti dərk etmək təkcə keçmişi xatırlamaq deyil, həm də nifrətdən, cəzasızlıqdan və zorakılıqdan uzaq gələcəyin əsasıdır. Yalnız etiraf, cavabdehlik və barışıq yolu ilə Cənubi Qafqaz regionunda davamlı sülhə və sabitliyə nail oluna bilər”. (AZƏRTAC)