"Vətən səsi" xəbər verir ki, səfir Ermənistanın hələ 1991-ci ildə Alma-Ata bəyannaməsinə imza atmaqla Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib. Dekotini həmin ərazilərin sovet Azərbaycanına məxsus olduğunu xüsusi qeyd edib.
Erməni politoloq Akop Badalyan fransalı səfirin açıqlamasını şərh edərkən bildirib ki, Olivye Dekotini Qarabağ hərəkatının bütün hüquqi trayektoriyasını və nizamlanma prosesini başa düşə bilmir. O, əlavə edib ki, səfir ölkəsinin rəsmi nümayəndəsi kimi hər şeydən əvvəl Fransanın maraqlarından çıxış edir: "Açığı, Fransa səfirinin bu mövqeyi Ermənistan siyasi dairələrində qıcıq yaradıb. Bütün sahələrdə birmənalı Ermənistanı dəstəkləyən Fransa indi Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını etiraf edir. Ola bilsin ki, onun bu mövqeyi özünü vasitəçilik məsuliyyətindən kənarlaşdırmaq istəyi ilə bağlıdır".
“Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan da səfirin dediklərinə qarşı çıxaraq Dekotinin 30 il əvvəlki siyasi proseslərdən xəbərsiz olmaqda günahlandırıb: “Səfirin ya Alma-Atadan əvvəlki və sonrakı proseslərdən xəbəri yoxdur, ya da özünü elə göstərir. Əgər Qarabağ həmin bəyannamə ilə 1991-ci ildə Azərbaycanın tərkib hissəsi kimi tanınıbsa, o zaman 44 günlük müharibədən əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il nə ilə bağlı danışıqlar aparırdılar? Həqiqət budur ki, Baş nazir Nikol Paşinyan Qarabağı 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının keçmiş prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ABŞ-ın o zamankı rəhbəri Baydenin himayəsində Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıdı. Xarici qüvvələr sadəcə Rusiya sülhməramlılarının nə yolla olursa-olsun Qarabağdan çıxmasına çalışırdılar. Ermənilərin başına nələr gələcəyi isə heç kimə maraqlı deyildi".
Erməni politoloq Qarabağ ermənilərinin başına gələn hadisələrə görə Fransanın hazırkı prezidenti Makronu günahlandırmaqdan da çəkinməyib. O, deyib ki, Makron ermənilərin yaşadıqlarına görə şəxsən günahkardır: "O, özü də günahkar olduğunu bilir və indi təmizə çıxmaq üçün Ermənistandakı səfirinə belə danışmağı tapşırıb. Onlar buna cavab verməlidir - həm Fransa prezidenti, həm də digərləri. Çünki onların hamısı indi başqa cür danışırlar, Donald Tramp ABŞ prezidenti seçiləndən sonra cəsədə çevirildilər”.
Xatırladaq ki, səfir Olivye Dekotini Ermənistanın "İctimai Radio"suna müsahibəsində belə deyib: "Əgər "Dağlıq Qarabağ" hökumətinin tanınması məsələsindən danışırıqsa, bu, heç vaxt beynəlxalq ictimaiyyət, hətta Ermənistan tərəfindən də tanınmayıb. Üstəlik, Ermənistan Almatı bəyannaməsində Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb, çünki həmin ərazilər sovet Azərbaycanının bölgəsi olub. Ermənistanın 2022-ci ildə Praqada “Dağlıq Qarabağı” Azərbaycanın bir hissəsi kimi tanıdığını iddia edənlər yalan danışırlar. Ermənistan bunu Praqada yox, Almatı bəyannaməsində tanıyıb, Praqa isə ancaq bu bəyannaməyə istinad edir”.
Ermənistanın Baş naziri Nikol Paşinyan da 1991-ci il Alma-Ata bəyyanaməsini əsas gətirərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib.
Elxan SALAHOV