“Vətən səsi” xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib. O, qeyd edib ki, Ermənistanla sülh sazişinin imzalanması yalnız Ermənistan konstitusiyasının dəyişdirilməsindən sonra mümkün olacaq: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması ilə bağlı İrəvanın fərqli yanaşması var. Baş nazir Nikol Paşinyan iddia edir ki, sülh razılaşmasında bu məsələ öz həllini tapacaq. Lakin onun son açıqlamlarında müsbət məqamlarla yanaşı başa düşülməyən ifadələr də yer alır. Ona görə də Paşinyanın dedikləri rəsmi Bakı tərəfindən qəbul edilməyəcək. Bu məsələ asan yolla həll edilməli, razılaşdırılmamış müddəaların necə yerinə yetiriləcəyi sazişdə aydın şəkildə qeyd olunmalıdır”.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsində iki məsələdə indiyədək razılıq əldə olunmayıb. Bunlardan biri Avropa İttifaqının “müşahidə missiyası” da daxil olmaqla üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması, digəri isə beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı şəkildə geri götürülməsi ilə bağlıdır. Ermənistan rəsmi Bakının bu istəyini sərhədin yalnız demarkasiya olunmuş hissələrinə tətbiq edilməsi şərti ilə qəbul edir. Beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı şəkildə geri götürülməsinə ilə bağlı Azərbaycanın tələbinə isə “həm də ikitərəfli münasibətlərdə bu məsələləri gündəmə gətirməmək” əlavəsi təklif olunur. Lakin Bakı indiki şəraitdə İrəvanın bu əlavəsini məqbul saymır. Bu, həm də onunla əlaqədardır ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Buna görə də rəsmi Bakı Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı irəli sürdüyü şərtin yerinə yetirilməsini tələb edir. Əks halda sülh sazinin imzalanması qeyri-müəyyən olaraq qalır.
Elxan SALAHOV