05.02.2025, 21:01
AZ EN
05.02.2025, 17:54 5

Ermənistanın danışıqlardan qaçmaq bəhanəsi

XƏBƏRLƏR

Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində iki məsələdə hələlik razılığa gəlinməyib. Bunlardan biri üçüncü ölkələrin, xüsusən də Avropa müşahidəçilərinin Ermənistan sərhədindən çıxarılması, digəri isə beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı şəkildə geri götürülməsi ilə bağlıdır.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtondakı Atlantik Şurada çıxışında bildirib. O, qeyd edib ki, Azərbaycan Avropa İttifaqının mülki missiyası da daxil olmaqla  üçüncü qüvvələrin sərhəddə yerləşdirilməsini qadağan edən müddəa təklif edir: "Biz Azərbaycanın istəyini nəzərə aldıq və bu müddəanın ikitərəfli sərhədin demarkasiya olunmuş hissələrinə tətbiq edilməsi təklifi ilə çıxış etdik".

Razılaşdırılmamış ikinci maddəyə gəlincə, Paşinyan deyib ki, beynəlxalq məhkəmələrdə bir-birinə qarşı qaldırılan iddiaların geri götürülməsinə dair təkliflə bağlı Ermənistanın yanaşması fərqlidir. Onun sözlərinə görə, Ermənistan təkcə beynəlxalq qurumlardan şikayətləri geri götürmək yox, həm də ikitərəfli münasibətlərdə bu məsələləri gündəmə gətirməmək təklifini irəli sürüb: "Bizim təklifimiz mübahisəli mövzular üzrə gələcək müzakirələrə son qoymaq və yeni, təmiz və boş səhifədən başlayaraq ikitərəfli münasibətlərdə yeni era açmaqdır".

Baş naziri bir daha vurğulayıb ki, iki maddədən başqa, İrəvan və Bakı artıq bütün digər vacib və həssas məsələlər üzrə razılığa gəliblər: “Məsələn, Ermənistan və Azərbaycan sovet sərhədləri boyunca bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşdılar. Biz həmçinin razılaşdıq ki, tərəflərin bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər”.

Elxan SALAHOV

Oxşar xəbərlər