"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 48-ci iclası və onun nəticələri Prezident İlham Əliyevin mühüm diplomatik uğurudur. Sıralarında 57 dövlətin birləşdiyi qurumun toplantısının yekun bəyannaməsində Azərbaycana açıq dəstək ifadə olundu. Bundan başqa, iclasın nəticəsi olaraq sırf Azərbaycan ilə bağlı - Ermənistanın hərbi təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar aspektlərini əhatə edən dörd qətnamə də qəbul edildi". Bu fikirlər Milli Məclisin deputatı Bəhruz Məhərrəmova məxsusdur.
Deputat bildirib ki, İƏT-in Azərbaycana münasibəti bəllidir və istər yekun sənəddə, istərsə də qətnamələrdə Azərbaycana dəstəyin ifadə olunması ilk baxışda qeyri-adi görünməyə bilər. Lakin hazırkı geosiyasi situasiyanı nəzərə alsaq, nə qədər ciddi siyasi və diplomatik uğur əldə olunduğunun mahiyyətini başa düşmək çətin deyil: “Sirr deyil ki, 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistanın işğal və təcavüz aktlarına çoxsaylı dövlətlərlə yanaşı, bir sıra müsəlman ölkələr də göz yumurdu. Hətta Prezident İlham Əliyev bir neçə dəfə bu məsələdən narahatlığını dilə gətirmiş və həmin ölkələri sərt tənqid etmişdi. Lakin 44 günlük haqq savaşındakı Zəfərin ardınca Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq təbii ki, həmin dövlətlərin də mövqeyinə təsirsiz ötüşmədi. Nəticə etibarı ilə bu gün artıq həmin dövlətlərin Azərbaycana münasibətdə qəbul edilən yekun bəyanata və 4 qətnaməyə birmənalı dəstək verməsinin şahidi oluruq ki, bu da Prezident Əliyevin mühüm diplomatik uğurudur”.
Qeyd edilib ki, digər vacib nüans son günlər Qarabağda intensivləşən təxribatlar və bir sıra güc mərkəzlərindən müşahidə edilən qərəzli çağırışlar fonunda Prezident İlham Əliyevin 57 dövlətin dəstəyini almaqla məkrli qüvvələri gözlənilməyən istiqamətdən vaxtında susdurması oldu. Digər tərəfdən, qətnamələrdə erməni təcavüzünün siyasi, hüquqi, iqtisadi və humanitar aspektlərinin əksini tapması, baş verənlərin müharibə və insanlıq əleyhinə cinayət kimi dəyərləndirilməsi və cəza mexanizminin zəruriliyinin qabardılması, Ermənistandan nifrət təbliğatına son qoyulmasının, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaq və ona hörmət edilməsinin tələb olunması postmünaqişə dövründə əldə etdiyimiz ən ciddi nəticələrdəndir. Çünki bu faktların nüfuzlu beynəlxalq təşkilatın sənədində təsbit olunması gələcəkdə beynəlxalq məhkəmə qurularkən mühüm sübut kimi xüsusi əhəmiyyət daşıyır. Sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində dəymiş zərərə görə bu ölkənin məsuliyyətinin təsbit edildiyindən və ölkəmizin bu xüsusda hüquqi tədbirlərə əl atmaq haqqı vurğulandığından gələcəkdə məhkəmələr İƏT-in bu hüquqi mövqeyi ilə hesablaşmalı olacaqlar.
Bu məsələdə diqqət çəkən əsas amillərdən biri də İrəvanı sülhə məcbur etmək üçün bütün mümkün siyasi və iqtisadi təsir vasitələrindən istifadə mexanizminin gündəmə gətirilməsidir. Sirr deyil ki, dövlətimizin başçısı analoji məzmunlu xəbərdarlıqla dəfələrlə çıxış edib və İrəvanın getdikcə daha da dalana dirənəcəyini bəyan edib. İndi İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sənədlərində təcavüzkar niyyətdən əl çəkməyənə və ədalətli mövqe nümayiş etdirməyənə qədər Ermənistan ilə diplomatik əlaqələr qurmamağa və bu ölkə ilə iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa çağırışların edilməsi Prezident İlham Əliyevin triumfudur.
“Əvvəldə də qeyd etdiyimiz kimi, Vətən müharibəsinə qədər təəssüf ki, bir sıra İslam dövlətləri Azərbaycanın işğal altındakı torpaqlarında İslam abidələrinə, məscidlərə, ziyarətgahlara vandal münasibəti nəinki görməməzliyə vururdu, hətta İrəvanla ciddi ikitərəfli əməkdaşlıq platforması yaratmışdı. Lakin İƏT Xarici İşlər Nazirləri Şurasının iclasının yekunu olaraq “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisində İslam tarixi və mədəni irsinin və dini ziyarətgahların dağıdılması və təhqir edilməsi haqqında” qətnamənin qəbul olunması ilə rəsmi Bakı işğal zamanı İslam mədəni və tarix irsinin nümunələrinin talan olunması, dağıdılması, təhqir edilməsi, mədəni irs nümunələrinin saxtalaşdırılması və oğurlanması hallarının İslam dünyası tərəfindən yekdil şəkildə pislənməsinə nail oldu. Habelə dünyanın 4 qitəsinin 57 ölkəsi Ermənistanın 30 ilə yaxın davam edən işğal müddətində törətdiklərini vandalizmin və barbarlığın təzahürü kimi qiymətləndirdi.
İclasın ölkəmiz üçün ən uğurlu nəticələrindən biri də qəbul edilmiş sənədlərdə üzv dövlətlərə və İƏT-in digər aidiyyəti qurumlarına azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması işlərində Azərbaycan hökumətinə yardım etməyə çağırış olunmasıdır. Sirr deyil ki, quruculuq, bərpa və böyük qayıdış üçün Azərbaycanın özünün imkanları kifayətdir. Lakin bu istiqamətdə beynəlxalq səylərin göstərilməsi Bakının haqq işinin müdafiəsi və yaranmış reallıqların möhkəmlənməsi baxımından müstəsna rol oynaya bilər”, - deyə B.Məhərrəmov bildirib. (AZƏRTAC)