"Vətən səsi" xatırladır ki, Harutunyan Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin yanvarın 17-də keçirilən məhkəməsində bəyanatla çıxış edib: “Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim olmayıb”.
Separatçıların keçmiş lideri 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı bəyanat verdiyini bir daha təsdiqləyib və buna görə üzrxahlıq edib. Elə Ermənistanın siyasi rəhbərliyini narahat edən də onun həmin günlərdə səsləndirdiyi fikirlərə görə təəssüflənməsi və Azərbaycan xalqından üzr istəməsidir.
Ermənistanın “168.am” nəşri yazır ki, Paşinyan hökumətinin Azərbaycanın guya, Xankəndini bombalaması fonunda Gəncənin bombalanması ətrafında formalaşdırdığı iddialar təsdiqini tapmayıb. Çünki Azərbaycan tərəfinin təqdim etdiyi videogörüntülərlə İrəfanın yalanları ifşa edilib. Gəncənin erməni silahlı qüvvələri tərəfindən bombalanması isə faktdır və bu, beynəlxalq səviyyədə qınanılaraq Ermənistanın törətdiyi müharibə cinayəti kimi qiymətləndirilib. Hətta Böyük Britaniyanın, Qətərin, İsveçrənin və Malayziyanın Bakıdakı səfirləri buna görə Azərbaycana başsağlığı verdilər. Avropa İttifaqı da raket hücumlarını qınayıb və BMT-nin baş katibi Antoniu Quterreş bunu qəbuledilməz adlandırıb.
Beləliklə, erməni nəşri Ermənistan rəhbərliyinin dezinformasiyalarından sitat gətirməklə Paşinyanın yalanlarını ifşa edir və Harutyunyanın ondan göstəriş aldığını vurğulayır. Nəşr Ermənistan hərbi-siyasi rəhbərliyinin müharibə zamanı Gəncə hava limanına heç bir zərbə endirmədiynii, dağıdılmış hava limanı fotolarının isə Ukraynanın Luqansk şəhərinin hava limanı olduğunu yazır: "Arayik Harutyunyan bildirib ki, Gəncəyə zərbə endirmək qərarını o verməyib. O, buna görə hüquq və səlahiyyətə sahib deyildi və istintaq zamanı niyə belə bir bəyanat verdiyini izah edib".
Elxan SALAHOV