“Vətən səsi” xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevin yerli televiziya kanallarına sonuncu müsahibəsində səsləndirdiyi fikirlərə cavabını şərh edərkən belə deyib. Onun sözlərinə görə, İrəvan rəsmiləri Azərbaycana ünvanladığı təkliflərdə hər şey ermənilərin maraqları kontekstində əks olunsa da, Paşinyan Bakının tələbləri qarşısında geri çəkilməyin mümkünsüzlüyünü anlayıb: “Beynəlxalq iddialardan qarşılıqlı şəkildə imtina etmək sülh sazişi mətninə daxildir, ATƏT-in Minsk qrupunun buraxılması isə Bakının əsas tələblərindən biridir. Hərçənd, erməni baş nazir birinci məsələni “beynəlxalq məhkəmə orqanları da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir-birinə qarşı iddialardan imtina etmək” formasında təqdim etməklə mötərizə də açır. O, “Bütün iddialardan imtina edilməsi” deyəndə daha çox “ərazi iddiası” kimi təqdim etməyə çalışdıqları Qərbi Azərbaycana qayıdış məsələsini nəzərdə tutur. Lakin 17 maddədən biri - üçüncü ölkələrin qüvvələrinin, Avropa İttifaqı “müşahidə missiyası”nın sərhəddən çıxarılması açıq qalır. Paşinyan təkliflərində bu məsələyə toxunmur, çünki İrəvan missiyanın vaxtının uzadılmasında maraqlıdır, Mirzoyanın son açıqlaması ilə bu məsələdəki mövqeyi ortaya qoydu”.
Politoloq deyir ki, “90 faiz razılaşdırılmış sülh sazişini imzalamağı” təklif edən Paşinyan bununla razılaşdırılmadan maddəni arxa plana keçirmək istəyir. Amma Asif Nərimanlının fikrincə, hər şey 17 maddəlik mətndən ibarət deyil, danışıqların gündəliyi daha genişdir: “Buraya Ermənistan konstitusiyasının dəyişdirilməsi, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması, demarkasiya prosesi də daxildir. 17 maddəlik mətn sülh sazişinin yekun yox, ilkin variantı, yaxud belə demək mümkünsə, yekun sülh müqaviləsinə dair çərçivə sazişindən ibarət ola bilər”.
Asif Nərimanlının fikincə, bütün bunların fonunda “2025-ci ildə sülh sazişi imzalana bilərmi” sualı aktuallaşır. Onun fikrincə, bundan sonra hadisələrin inkişafının üç məqamdan asılı olacağı görünür: “Bu il Bakı-İrəvan danışıqlarının atmosferinin necə olacağı, sülh sazişi mətninə daxil edilməyən, amma danışıqlarda müzakirə edilən məsələlərə İrəvanın yanaşması və geosiyasi proseslərin inkişafı və regiona təsiri. Bu üç məqamın arasında ən həlledici olan sonuncudur – geosiyasi hadisələrin inkişafı, xüsusilə Tramp Amerikasının siyasəti və bunun Cənubi Qafqaza təsirləri”.
Elxan SALAHOV