02.08.2025, 22:28
AZ EN
06.01.2025, 13:51 320

Petrosyanın etirafı: azərbaycanlıların qayıdışı sürətlənə bilər

XƏBƏRLƏR
  • Tanınmış videobloger Albert İsakov özünün "YouTube" kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb.

"Vətən səsi" xəbər verir ki, Ter-Petrosyan həmin görüşdəki çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu söyləyib. Onların 1990-cı illərin əvvəllərində Ermənistandan qovulduğunu şəstlə xatırladan keçmiş prezident azərbaycanlıların ata-baba yurdundan zorla çıxarılmasını böyük qələbə kimi xarakterizə edib: "Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı, onda biz şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər - Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Biz problemi həll etdik və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ - red.), o cümlədən, digər torpaqlar ermənilərin əlindədir".

Levon Ter-Petrosyanın "YouTube" kanalında yayılan çıxışı Ermənistanın ilk prezidentinin etirafıdır. O, həmin görüşdə azərbaycanlıların qovulmasını Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olduğunu gizlətməyib.

Politoloq Asif Nərimanlı mövzunu şərh edərkən bildirib ki, Petrosyanın azərbaycanlıların Qərbi Azərbaycandan qovulması ilə bağlı dedikləri deportasiya faktının onun həyata keçirilməsinə rəhbərlik edən şəxs tərəfindən etiraf edilməsidir.  Onun fikrincə, bu etiraf hər şeydən öncə Ermənistanın mövcud hakimiyyətini çətin vəziyyətə qoyur: "Rəsmi İrəvan iki məsələdə israrlı mövqe sərgiləyir: sərhədlərin SSRİ dağılanda mövcud olan xətlər üzrə demarasiya edilməsi və deportasiya edilmiş azərbaycanlı qaçqınların qayıdışının qarşısını almaq. Hər iki məsələ Qərbi Azərbaycan coğrafiyası ilə bağlıdır. İrəvan anlayır ki, sərhəd demarkasiya edilmədiyi müddətdə Ermənistanın hazıri əraziləri üzərində legitimlik problem olaraq qalacaq. Üstəlik azərbaycanlıların qayıdış hüququ SSRİ dövründə ermənilərə “bağışlanmış” əraziləri daim aktual olaraq saxlayır. İrəvanda hesab edirlər ki, azərbaycanlılar geri qayıdarsa, bu ərazilərin, xüsusilə Zəngəzur-Göyçə bölgəsinin Azərbaycana birləşdirilməsi, ən azı Ermənistandan ayrılması baş verə bilər. Rəsmi Bakının, eləcə də Qərbi Azərbaycan İcmasının belə bir iddiası yoxdur, hərçənd, ermənilərin qorxuları yaşadıqları ərazilərin onlara məxsus olmadığı reallığını anlamasından qaynaqlanır. Buna görə Paşinyan rəsmi Bakının ən yüksək səviyyədə irəli sürdüyü azərbaycanlıların öz evinə qayıdışı tələbindən müxtəlif bəhanələrlə imtina etməyə çalışır: bunu gah “ərazi iddiası” adlandırır, gah azərbaycanlıların deportasiya edilmədiyini deyir".

Politoloqü hesab edir ki, Petrosyanın yayılan etirafı Paşinyan hakimiyyətinin iddialarının Ermənistanda təkzib edilməsi deməkdir və danışıqlarda İrəvanın mövqelərini ciddi şəkildə zəiflədir. Asif Nərimanlının fikrincə, Ermənistanıb sabiq prezidentinin söylədikləri azərbaycanlı qaçqınların Cenevrə Konvensiyasına əsasən qayıdış hüququnun təmin edilməsində rəsmi Bakı tərəfindən əsaslı arqumentlərdən biri kimi istifadə edilə bilər.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR