20.04.2025, 05:41
AZ EN
24.12.2024, 19:08 189

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük zirvələrə yüksələcək

XƏBƏRLƏR
  • Danılmaz həqiqətdir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli liderliyi sayəsində Azərbaycan müstəqillik tarixinin ən şanlı və qüdrətli dövrünü yaşayır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın hərtərəfli inkişaf strategiyası ölkəmizi qısa müddətdə bölgənin lider dövlətinə çevirib, beynəlxalq siyasi arenalarda onun mövqeyini daha da möhkəmləndirib, xalqımızın milli kimliyini, gücünü və mədəni irsini bütün dünyaya tanıdıb.

Bu sözləri açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.

O qeyd edib ki, Qarabağ Zəfəri, məhz Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində əldə edilmiş böyük bir Qələbədir. Müzəffər Ali Baş Komandanımızın yüksək sərkərdəlik məharəti və şanlı Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində qazanılan tarixi Zəfər xalqımızın yaddaşına əbədi qalacaq. Bu gün Azərbaycan xalqı çox xoşbəxt və qürurludur ki, ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş bir ölkədə yaşayır.

“Qarabağın azad olunmasından dərhal sonra bölgənin canlanmasına və davamlı inkişafına istiqamətlənən irimiqyaslı, sürətli bərpa-quruculuq işlərinin həyata keçirilməsi bir daha Prezident İlham Əliyevin Vətənə böyük sevgisini və millətə sarsılmaz bağlılığını nümayiş etdirir. Azərbaycanın gələcək nəsillərinə daha parlaq bir gələcək vəd edən bu dirçəliş siyasətinin bariz nümunələrindən biri də işğaldan azad olunmuş torpaqlarda ali təhsil ənənələrinin bərpasına yönələn fəaliyyətlərdir. Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa dəstəyi ilə yaradılan Qarabağ Universiteti Ulu Öndərin ideyalarından və dövlətimizin başçısının mütərəqqi siyasətindən ilhamlanaraq, regionun intellektual, mədəni və iqtisadi dirçəlişinə töhfə verməyi başlıca missiya olaraq müəyyən edib.

Qarabağ Universiteti, Azərbaycanın intellektual gücünün artırılması, milli-mənəvi dəyərlərin qorunması və gənc nəsillərin yüksək keyfiyyətli təhsil alması üçün müasir bir platforma kimi inkişaf etməyi hədəfləyib. Bu hədəflərə doğru sürətlə irəlilədiyimiz yolda Universitetin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması kollektivimizə güc verir.

Əminik ki, müdrik liderimizin rəhbərliyi ilə ölkəmiz daha böyük zirvələrə yüksələcək, Qarabağ isə onun qurucu ideyalarının şah əsərinə çevriləcək. Qarabağ Universiteti olaraq, hər zaman bu parlaq və mütərəqqi ideyaların işığında öz töhfəmizi verməyə çalışacağıq”, - deyə Ş.Bayramov əlavə edib. (AZERTAC)

Oxşar xəbərlər