Bu sözləri Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli ifadə edib.
“Bizim məqsədimiz ermənilərin siyasi riyakarlığının mahiyyətini geniş ictimaiyyətə çatdırmaqdır. Çox təəssüf ki, bu gün belə Ermənistanın siyasi dairələri Qərbi Azərbaycan qaçqınlarının öz ata-baba yurdlarına qayıtmasını dünya ictimaiyyətinə Azərbaycanın onlara qarşı ərazi iddiası kimi çatdırmağa çalışır. Halbuki, bu qətiyyən belə deyil. Ermənilər unudurlar ki, Qərbi Azərbaycandakı öz ata yurdlarına qayıtmaq istəyən soydaşlarımız 38 il bundan əvvəl elə həmin Ermənistanın qanuni vətəndaşları olublar. Yəni, Qarabağ münaqişəsinin ilk mərhələsində bu məsələnin tərkib hissəsi kimi, doğma torpaqlarından qovulan insanların öz evlərinə geri qayıtması heç bir şəkildə hansısa ərazi iddiası sayıla bilməz. Ermənistan rəhbərliyi bütün bunlardan nəhayət nəticə çıxarmalıdır. Biz isə, dünya ictimaiyyətinin erməni yalanları, saxtakarlıqlarından tam agah olması üçün çalışırıq”, - deyə icma sədri bildirib.
Antalyada keçirilən IV Diplomatiya Forumunda Qərbi Azərbaycan İcmasının sədri olaraq iştirakı barədə danışan deputat bununla bağlı həqiqətləri tədbir iştirakçılarına, daha geniş ictimaiyyətə çatdırmağa çalışdıqlarını qeyd edib.
Forum çərçivəsində keçirilən panel iclasda Qərbi Azərbaycan həqiqətlərinin ilk növbədə insan hüquqları məsələsi olması ilə bağlı çıxış edən sədr deyib: “Çox təəssüf ki, biz bu, son 200 il ərzində Qərbi Azərbaycanda baş verən hadisələri, ermənilərin həmin bölgələrdə apardıqları etnik təmizləmə, deportasiya, soyqırımı hadisələrini dünya ictimaiyyətinə lazımi qədər çatdıra bilməmişik. Yaradıldığı gündən icmamız bu istiqamətdə xeyli işlər görüb. Bu məsələnin Antalya Diplomatiya Forumu kimi dünya miqyaslı, mötəbər tədbirlərin gündəliyinə salınması bizim çox böyük uğurumuzdur. Çünki, hədəflərimizdən biri də beynəlxalq ictimaiyyəti Qərbi Azərbaycan həqiqətləri barədə daha çox məlumatlandırmaqdır. Forumun bu baxımdan əhəmiyyətli olacağına inanıram. Xüsusilə xarici ölkə parlamentlərinin bu məsələyə isti münasibət göstərməsi özü-özlüyündə bir uğurdur”. (AZƏRTAC)