"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib. O, əminliklə bildirib ki, Paşinyan "Facebook" səhifəsi üzərindən yayımladığı bəyanatla Minsk Qrupunun buraxılması üçün hazırlıqlara başlayır: "Bu, həm də Prezident İlham Əliyevə Ermənistanın onun növbəti tələbini təmin etməyə hazır olduğuna işarədir”.
Balasanyan hesab edir ki, Paşinyan "Facebook" vasitəsilə yaydığı bəyanatlar həm də ATƏT-in Minsk Qrupuna etirazdır. Onun fikrincə, Qarabağ münaqişəsinin əslində aşkar həlli yox idi: “Ermənistan və “artsax” Azərbaycanın ərazi bütövlüyünü əsas götürməkdən imtina edirdi, Azərbaycan isə Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımağa razı olmurdu. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyi isə münaqişənin uzunmüddətli dondurulması idi”.
Xatırladaq ki, Nikol Paşinyan "Facebook" sosial şəbəkə səhifəsində 1994-cü ildən atəşkəs sazişi bağlanandan sonra danışıqlar prosesinin yalnız Qarabağın Azərbaycana geri qaytarılması ətrafında getdiyini yazıb. Ermənistan Baş nazirinin sözlərinə görə, danışıqların başqa məzmunu olmayıb və bütün digər proseslər yalnız daxili siyasi məqsədlər üçün istifadə edilib. Onun bu bəyanatı Ermənistanın eks-prezidentləri tərəfindən etirazla qarşılanıb. Bundan sonra Paşinyan öz arqumentlərini əsaslandırmaq üçün 1994-cü ildən bəri sülh danışıqlarında iştirak etmiş Ermənistan rəhbərlərini canlı depata dəvət edib. Lakin nə Ter-Petrosyan, nə də ondan sonra Ermənistana rəhbərlik etmiş Köçəryan və Sərkisyan təklifi qəbul etməyiblər. Ter-petrosyan isə Paşinyanı ələ salaraq onu özü özü ilə debat aparmağa çağırıb.
Elxan SALAHOV