Azərbaycanın Batumidəki Baş konsulluğunun dəstəyi ilə dərc olunan məqalədə deyilir ki, Gürcüstan və Azərbaycan ortaq maraqlara, mədəni və tarixi bağlara söykənərək, onilliklər ərzində yaxın tərəfdaşlar olaraq qalırlar.
Bu iki dövlət Cənubi Qafqazda sabitlik və firavanlıq üçün şərait yaradan siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu qarşılıqlı fəaliyyət nümunəsini nümayiş etdirir.
Qeyd olunur ki, 2024-cü il Gürcüstan üçün böyük bir mərhələ oldu. Ölkə tarixində ilk dəfə olaraq prezident ümumxalq səsverməsi ilə deyil, seçicilər kollegiyası tərəfindən yeni sistem ilə seçildi. Bu posta namizəd Mixail Kavelaşvili seçkilərə mühüm töhfə vermiş Acarıstandan olan nümayəndələr də daxil olmaqla, geniş dəstək qazanıb. Onların iştirakı regionun ölkənin siyasi həyatında əhəmiyyətini vurğulayır.
“Azərbaycan Prezidenti İlham Əliyev Mixail Kavelaşvilini seçilməsi münasibətilə təbrik edən ilk dünya lideri oldu. Belə möhkəm təməl üzərində qurulan, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və uğurla inkişaf etməsindən məmnunuq. İnanırıq ki, dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə regionumuzun sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi, onun iqtisadi potensialının reallaşdırılması istiqamətində birgə səylər göstərəcəyik”, – deyə məqalədə vurğulanır.
Məqalədə həmçinin deyilir: “Gürcüstanın Baş naziri İrakli Kobaxidze də 2024-cü ilin fevralında Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə İlham Əliyevi ilk təbrik edənlərdən olub. Bu, yüksək dərəcədə qarşılıqlı hörmətdən xəbər verir. Gürcüstan və Azərbaycan rəhbərlərinin mühüm hadisələrlə bağlı bir-birini ilk təbrik etməsi həm onların dostluğunu, həm də xalqların qardaşlığını simvollaşdırır. Bu, iki ölkə arasında strateji tərəfdaşlığın təkcə ümumi maraqlara deyil, həm də səmimi dostluğa əsaslandığını təsdiqləyir”.
Bildirilir ki, Gürcüstan və Azərbaycan enerji, ticarət, kənd təsərrüfatı, tibb, təhsil, turizm, tikinti, logistika və s. sahələrdə fəal əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi və Avropaya yüksək gərginlikli elektrik kabelinin çəkilməsi kimi birgə layihələr təkcə bu iki ölkənin deyil, həm də regionun iqtisadi inkişafında əsas rol oynayır. Azərbaycan Gürcüstan iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkələrdən biridir.
Ölkələrimiz arasında ticarət sabit artım nümayiş etdirərək yüksəlir. Azərbaycan qazı Gürcüstanın enerji tələbatının əhəmiyyətli hissəsini təmin edir və Gürcüstan limanları Azərbaycan malları üçün dünya bazarlarına mühüm qapı rolunu oynayır.
Gürcü və Azərbaycan xalqları arasında xüsusi əlaqələr çoxəsrlik mədəni mübadilə tarixi sayəsində formalaşır. Etnik cəhətdən qarışıq əhalinin yaşadığı bölgələrdə gürcülər və azərbaycanlılar milli adət-ənənələrini qoruyub saxlayaraq, onların xas dəyərlərinə hörmət edərək, sülh və əmin-amanlıq şəraitində yanaşı yaşayırlar.
Gürcüstan və Azərbaycan qonşu dövlətlərin necə səmərəli əməkdaşlıq etdiyinə, regional sabitliyi möhkəmləndirə və xalqlarının firavanlığı üçün şərait yarada biləcəyinə nümunə olmaqda davam edir.(AZERTAC)