Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, çıxışında AQEM üzv dövlətlərinə Azərbaycana göstərdikləri etimad və inama görə təşəkkürünü bildirən nazir deyib: “AQEM Sədrliyini Azərbaycan qlobal diplomatiyada “körpü qurmaq” təcrübəsi, çoxtərəfli platformalarda liderliyi, sülhə, sabitliyə və dayanıqlı inkişafa olan möhkəm sadiqliyinə əsaslanaraq quracaq. Azərbaycanın AQEM-ə Sədrliyi təkcə Müşavirənin tarixi deyil, o cümlədən Asiyanın və bütün dünyanın dəyişən geosiyasi və iqtisadi mənzərəsi üçün çox vacib bir anda başlayır. İndi Asiyanın qlobal inkişafda, texnoloji innovasiya və siyasi təsiretmədə aparıcı qüvvə kimi rolu həmişəkindən daha vacibdir. Dünyada çoxqütblülüyün vüsət aldığı və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir zamanda Asiya bu çağırışlara birlik, əməkdaşlıq və ortaq məsuliyyətlə cavab verməlidir. Regionun ən inklüziv dialoq platforması olmaqla, AQEM əməkdaşlığı təşviq etmək və qarşılaşdığımız çağırışların öhdəsindən gəlmək üçün unikal mövqeyə malikdir”.
C.Bayramov bildirib ki, Azərbaycanın Sədrliyi “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcək: “Birincisi, AQEM-in transformasiyası və institusional inkişafı, ikincisi, etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlıq, üçüncüsü, AQEM ilə digər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı əlaqənin təşviqi. Biz son 30 ildə əldə olunmuş uğurlar əsasında AQEM-in tam formalaşmış beynəlxalq təşkilata çevrilməsi ilə bağlı hazırkı keçid prosesini davam etdirəcəyik. Qazaxıstan Sədrliyi dövründə başladılmış və 2022-ci ildə 6-cı AQEM Zirvə Toplantısı tərəfindən təsdiq olunmuş bu proses üzv dövlətlər tərəfindən idarə olunan və konsensus əsaslı qalmaqla, AQEM-i sürətlə dəyişən dünyanın tələblərinə cavab vermək üçün hazırlıqlı olmaq məqsədlərinə yönəldəcək. AQEM-in hüquqi qüvvəyə malik əsas sənədinin işlənib-hazırlanması, habelə onun institusional potensialının və maliyyə müstəqilliyinin gücləndirilməsinə yönəlmiş səylər də Azərbaycan Sədrliyinin vacib prioriteti kimi qalacaq. Sədrliyimiz, həmçinin AQEM Katibliyinin funksional imkanlarının gücləndirilməsinə diqqət yetirəcək. Bu məqsədlə Azərbaycan Katibliyə həm maliyyə töhfəsi, həm də işçi heyətinin təmin olunması vasitəsilə dəstək göstərəcək. Biz bütün üzv dövlətləri həm maliyyə, həm də əyani yardımla Katibliyin işinə dəstək göstərməyə çağırırıq. Həmçinin biz Katibliyin statusunun, habelə AQEM Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında Konvensiyanın ratifikasiyasını təşviq etməyə davam edəcəyik. Azərbaycan, o cümlədən AQEM Maliyyə Zirvəsinin təsis olunmasını dəstəkləyir və bununla bağlı ekspertlər səviyyəsində aparılmış mühüm işlər əsasında konsensusun əldə olunması məqsədilə çalışacaq”.
Etimad quruculuğunun AQEM prosesinin əsasını təşkil etdiyini vurğulayan nazir əlavə edib: “Müsbət təcrübənin əsasında Azərbaycanın Sədrliyi mövcud etimad quruculuğu tədbirlərinin səmərəliliyi və təsirinin genişləndirilməsini prioritetləşdirəcək, həmçinin əməkdaşlığın dərinləşdirilməsi üçün yeni, innovativ həll yollarını nəzərdən keçirəcək. Bu xüsusda biz mühüm mövzular kimi bağlantılar, rəqəmsallaşma və dayanıqlılığa diqqət göstərəcəyik. 2025-ci ildə Müşavirənin 5 ölçüsü üzrə Sədrliyin 20-dən çox tədbiri planlaşdırılır. Sədrlik üzv dövlətlər, etimad quruculuğu üzrə əlaqələndiricilərlə Biznes və Gənclər üzrə şuralar, Beyin Mərkəzləri Forumu və Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi kimi müvafiq AQEM orqanları arasında qarşılıqlı əlaqənin inkişafı istiqamətində səy göstərəcək. Bu yanaşma etimad quruculuğu tədbirlərinin səmərəliliyinin gücləndirilməsinə və AQEM-daxili birliyin təşviqinə yönəlib. Sədrlik iqtisadi ölçü üzrə nəqliyyat bağlantıları, kiçik və orta sahibkarlığın təşviqi, qadın sahibkarlığı və yaşıl iqtisadiyyat mövzularını prioritetləşdirəcək.
Biz nəqliyyat dəhlizlərinin genişləndirilməsi və Asiyada daha təhlükəsiz, dayanıqlı və səmərəli infrastrukturun təşviqi üçün çalışacağıq. Kiçik və orta sahibkarların sərmayələrə, bazarlara çıxışı və onların elektron kommersiya kimi innovativ metodlarla beynəlxalq ticarətdə iştirakı, həmçinin kənd təsərrüfatında innovativ yanaşmalar da Sədrliyin bu çərçivədə diqqət yetirəcəyi sahələr arasında olacaq.
Yeni çağırışlar və təhdidlər ölçüsü üzrə diqqət qabiliyyət quruculuğunun təşviqi, eləcə də kibertəhlükəsizlik və şəxsi məlumatların mühafizəsi üzrə uğurlu təcrübələrin mübadiləsinə yönələcək. Biz AQEM məkanında məlumatların mühafizəsi üzrə hüquqi çərçivənin harmonizasiyası, habelə kibertəhlükəsizlik və məlumatların məxfiliyi mədəniyyətinin təşviqi üçün çalışacağıq.
Ətraf mühit ölçüsünün mərkəzində müxtəlif sahələrdə konkret layihələr vasitəsilə yaşıl keçid və dayanıqlı inkişafın təşviqi duracaq. Bu xüsusda müxtəlif prioritet sahələr arasında qarşılıqlı əlaqənin təşviqi üçün bir-biri ilə kəsişən mövzuları əhatə edən gündəlik irəlilədiləcək. İnsan ölçüsünün vacib elementi kimi insanlararası əlaqələrin və turizmin təşviqi də bizim Sədrliyimizin gündəliyində vacib yer tutacaq. Biz gənclərin AQEM Gənclər Şurası çərçivəsində Asiyada sülh, əməkdaşlıq və dayanıqlı inkişafa töhfə verə bilməsinin yolları ətrafında səmərəli müzakirəyə cəlb olunması istiqamətində fəaliyyət göstərməyə davam edəcəyik. Biz, həmçinin mədəni irsin qorunmasını prioritetləşdirəcəyik. Müxtəlifliyi və zəngin tarixi ilə seçilən regionumuzda, mədəni mübadilə və irsin qorunub saxlanılması qarşılıqlı anlaşma və hörmətin təşviqi üçün mühüm əhəmiyyətə malikdir.
Bir sıra AQEM üzv dövlətləri ərazilərinin, minlərlə mülki şəxsin həyatına son qoyan, iqtisadi məqsədlər üçün istifadə oluna biləcək ərazilərə əlçatanlığı məhdudlaşdıran, təbii resurslardan dayanıqlı istifadədən məhrum edən mina və partlayıcı sursatlarla çirklənməsi səbəbindən çox ciddi çətinliklərlə üzləşirlər. Bu səbəbdən Sədrlik AQEM çərçivəsində humanitar minatəmizləmə fəaliyyətinin qarşılıqlı fəaliyyət sahəsi kimi təşviqi imkanlarını nəzərdən keçirəcək”.
Nazir qeyd edib ki, AQEM çərçivəsində təhsil və elm sahələrinin potensialı da az istifadə edilmiş olaraq qalır. Biz hazırkı Nazirlər Şurasında təsis olunmasının yekunlaşacağı gözlənilən “Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi” vasitəsilə bu sahədə əməkdaşlığımızın genişləndirilməsi üzərində işləyəcəyik. Şəbəkə tam işlək vəziyyətə gətirildikdə, Sədrlik yüksək potensial və imkanların müşahidə olunduğu sektorlar üzrə əməkdaşlığın canlandırılması üçün bu platformanın fəaliyyətə başladılması məqsədilə fəaliyyət göstərəcək.
Sadalanan birbaşa prioritetlərdən başqa, Sədrlik regionumuzun dəyişən ehtiyaclarının təmin olunması naminə qarşılıqlı əlaqə və etimad quruculuğu tədbirləri üzrə yeni istiqamətlərin araşdırılmasına açıqdır. Bu məqsədlə Sədrlik əlaqələndiricilər və həməlaqələndiricilərlə yaxından işləyəcək.
“AQEM özünün inklüzivliyi, regional təhlükəsizliyə, inkişafa və əməkdaşlığa vahid yanaşması ilə nisbi üstünlüyə malikdir. Lakin hazırkı qarşılıqlı asılı dünyada heç bir təşkilat təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Azərbaycanın Sədrliyi AQEM-in beynəlxalq aktivliyinin artırılmasına və onun digər beynəlxalq və regional təşkilatlarla tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə diqqət yetirəcək. Biz birgə çağırışları daha effektiv həll etmək üçün Birləşmiş Millətlər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) kimi qurumlarla, eləcə də digər regional platformalarla qarşılıqlı sinerji yaratmağa çalışacağıq. Bizim beynəlxalq təşkilatlarla əlaqələrimiz AQEM-in aktivliyini yüksəltməklə yanaşı, həmçinin onun Asiyada müsbət dəyişikliklər üçün hərəkətverici qüvvə kimi çıxış etmək qabiliyyətini artıracaq, habelə daha təhlükəsiz və çiçəklənən Asiya naminə inklüziv regional platforma kimi Təşkilatın beynəlxalq mövqeyini gücləndirəcək.
Azərbaycanın Sədrliyi fürsət və məsuliyyət anıdır. Azərbaycanın Sədrliyi daha güclü AQEM vasitəsilə dövlətlərimizin və onların əhalisinin təhlükəsizliyinə, inkişafına və rifahına müsbət təsir göstərməyə yönəlib. Birgə işləmək, innovasiyaları mənimsəmək və davamlı inkişafa kollektiv öhdəliyimizi gücləndirməklə, biz regionumuz və dünya üçün daha parlaq gələcək formalaşdıra bilərik. Azərbaycan AQEM-in bu transformativ prosesinə rəhbərlik etməyə hazırdır və biz sülhsevər, firavan və bir-biri ilə sıx əlaqəli Asiya haqqında ümumi baxışımıza nail olmaq üçün bütün üzv dövlətlərlə davamlı əməkdaşlığımıza inanırıq”, - deyə C.Bayramov vurğulayıb. (AZERTAC)