Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında çıxışı zamanı səsləndirib.
Nazir deyib ki, ATƏT-in zərərli ambisiyaların girovuna çevrilməsinə baxmayaraq, bölgədə Ermənistan-Azərbaycan kontekstində xeyli irəliləyişlər əldə edilib. Qanunsuz hərbi mövcudluğun aradan qaldırılması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası nəticəsində artıq sülh faktiki olaraq bərqərar edilib. Bu, substantiv şəkildə dövlətlərarası münasibətlərin normallaşmasına yol açmaq üçün yeni imkanlar yaradıb.
Bildirilib ki, Nazirlər Şurasının son iclasından bəri Azərbaycan və Ermənistan birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyasını və demarkasiyasını başa çatdırıb. Müvafiq sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında bu yaxınlarda qüvvəyə minmiş Əsasnamə delimitasiya işinin növbəti mərhələlərinin həyata keçirilməsini təmin edəcək. Digər bir istiqamət üzrə isə ikitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub.
“Bu nailiyyətlər birbaşa ikitərəfli danışıqların Azərbaycanın ardıcıl olaraq mübarizə apardığı normallaşma prosesində irəliləməyin ən yaxşı və yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir”, - deyə nazir əlavə edib. (AZERTAC)