27.12.2024, 03:55
AZ EN
29.11.2024, 18:48 147

Milli Məclisin növbəti plenar iclasında 15 məsələ müzakirə olunub

XƏBƏRLƏR
  • Noyabrın 29-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Iclasda cari məsələlərin müzakirəsi zamanı çıxış edən bəzi deputatlar gündəmdə olan məsələlər barədə fikirlərini bölüşüblər.

Sonra iclasın gündəliyinə daxil edilmiş 15 məsələnin müzakirəsinə başlanılıb.

Bildirilib ki, ilk 3 məsələ beynəlxalq sənədlərin təsdiq edilməsi barədə qanun layihələridir və müvafiq Konstitusiya Qanununun tələbinə əsasən, onlar bir oxunuşda baxılıb qəbul ediləcək.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 2017-ci il 14 sentyabr tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə dair məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən təqdim edilmiş sənəd 1994-cü il sentyabrın 20-də imzalanmış və Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində gerçəkləşən “Əsrin müqaviləsi” ilə başlanan işlərin davamı olaraq, həmin müqavilə çərçivəsində formalaşmış beynəlxalq konsorsiumun əsas iştirakçıları ilə birlikdə yaşıl enerjiyə keçid enerjisi olan təbii qazın hasilatı və pay bölgüsü ilə bağlı məsələləri əhatə edir.

Diqqətə çatdırılıb ki, qaz sazişi olaraq bu layihə “Azəri-Çıraq-Günəşli” hasilatın pay bölgüsü sazişinin Kontrakt Sahəsinin coğrafi hüdudları daxilində yerləşən, lakin Kontraktla əhatə olunmayan Sərbəst Təbii Qaz Yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsini nəzərdə tutur.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsinin mahiyyətindən danışıb.

Səməd Seyidov daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

Qanun layihələri ətrafında çıxışlardan sonra sənədlər səsə qoyularaq qəbul edilib.

Növbəti 9 məsələ üçüncü oxunuşda qanun layihələri olub.

S.Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. O, layihədə hər hansı dəyişikliyin olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib. O, adıçəkilən qanunlarda nəzərdə tutulan dəyişikliklərlə bağlı heç bir əlavə təklifin olmadığını deyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu komitənin hər iki məsələ barədə müsbət rəy verdiyini söylədikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə “Qrant haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında danışıb.

Daha sonra komitə sədri Azər Əmiraslanov “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov isə “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirib ki, layihədə ümumilikdə 5 məcəllədə və 6 qanunda dəyişikliklərin edilməsi nəzərdə tutulur.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

O, bildirib ki, layihədə qeyd olunan tələblər uşaq müəssisələrində xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında danışıb. Diqqətə çatdırılıb ki, layihə sosial ödənişlərin təyin olunması və bunun hüquqi əsaslarının mütəmadi olaraq təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə hazırlanıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Qanun layihələri müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Sonra Sahibə Qafarova növbəti iki məsələnin - Miqrasiya Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və ikinci oxunuşda müzakirəyə çıxarıldığını diqqətə çatdırıb.

Qanun layihələri haqqında müvafiq olaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Kamal Cəfərov və Bəhruz Məhərrəmov məlumat veriblər.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin sonuncu məsələsinin “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu, sənədin birinci oxunuşda müzakirəyə təqdim edildiyini bildirib.

Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. O qeyd edib ki, layihə "Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Diqqətə çatdırılıb ki, dəyişikliyin olunmasına zərurət qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan və istehsal və istehlak həcminə görə əhəmiyyətli paya malik olan və eləcə də istehsal və istifadəsi nəticəsində ətraf mühitə mənfi təsir göstərən enerji növlərinin satışından əldə olunan vəsaitdən enerji effektivliyi fonduna köçürmələrin edilməsi üçün hüquqi əsasın yaradılmasından ibarətdir.

Məsələ ilə bağlı müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb. (AZERTAC)

Oxşar xəbərlər