Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai Televizya kanalına müsahibəsində Azərbaycanla sülh danışıqlarının gedişi və rəsmi Bakının tələbləri ilə bağlı erməni xalqına açıq mesajlar verib.
"Vətən səsi"nin məlumatına görə, o, deyib ki, Bakının irəli sürdüyü əsas tələblərin qəbul edilməməsi Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnə bilər: "Bakının bu tələbini qəbul etməsək, Ermənistan dövlətçiliyini itirəcəyik, mənsə buna yol verə bilmərəm. Lazım olsa mən bunu lap "balta" qayadası ilə həll edəcəyəm".
Paşinyan ölkə konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü tələbə dolayısı ilə haqq qazandırıb. O, Müstəqillik Bəyannaməsinin Ermənistan dövlətçiliyinə ciddi təhdidlər yaratdığını da söyləyib: "Müstəqillik Bəyannaməsinin məntiqi nəticəsinə görə Ermənistan mövcud ola bilməz: "Biz yeni müstəqil dövlət yaradırıq, amma digər tərəfdən isə Azərbaycan və Türkiyə ilə münaqişə məntiqi ortaya qoyuruq. O zaman belə bir sual ortaya çıxır. Biz belə bir şəraitdə necə yaşamalıyıq? Bunun üçün bizə super sponsor lazımdır, başqa çıxış yolu yoxdur”.
Paşinyan xalqla açıq danışdığına və Azərbaycanın sülh müqaviləsinə imza atmaq üçün irəli sürdüyü tələbləri açıq şəkildə söylədiyinə görə müxalifətin onu xəyanətdə ittiham edə biləcəyini də deyib. Ardınca əlavə edib ki, o, Ermənistanın dövlət maraqlarını hər şeydən üstün tutur və onu xəyanətdə suçlamaq əsassızdır: "Amma əminəm ki, bu çıxışımdan sonra məni yenə də növbəti xəyanətdə ittiham edəcəklər. Lakin bu gün elə bir statusdayam ki, xalqımızla danışmağa, səbəb-nəticə əlaqəsi, zəncir göstərməyə məcburam. Əgər bunu etməsəm, o zaman ölkəmizi qəsdən dövlətçiliyin itirilməsinə aparacağam, buna yol verə bilmərəm".
Baş nazir bu yaxınlarda yüksək vəzifə tutan bir neçə məmurun istefaya göndərilməsindən də danışıb. Paşinyan öz komandasında kadr dəyişikliklərinin davam edəcəyinə eyham vuraraq daha bir neçə nazirlik və idarələrin rəhbərlərindən istefa vermələrini istəyib. O, bu istəyini həmin şəxslərə SMS-mesajlarla çatdırdığını vurğulayıb: “İstefa vermələrini xahiş etdiyim rəhbərlərə SMS göndərdim. Bu cür qərarların mətn şəklində olması mənim üçün vacibdir ki, sonradan heç bir uyğunsuzluq olmasın”.
Elxan SALAHOV