"Erməni cəmiyyətində “anti-dövlət” təhtəlşüur var. Bizim kollektiv sosial düşüncəmiz, başqa sözlə desək, şüuraltımız dövlət əleyhinədir. İndiki sosial psixologiyamız, sosial psixologiyamızın genetikası mahiyyət etibarı ilə biz müstəmləkə, subyekt olduğumuz zaman formalaşıb”.
"Vətən səsi" xəbər verir ki, bunu Ermənistam Baş naziri Nikol Paşinyan dünən parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, ermənilərin ən azı 600 il yaşadıqları ölkələr onlara yad olub.
Baş nazir əlavə edib ki, ermənilərin yaşadıqları dövlətlər onlara qəbul etdirilib. Ona görə də onların birinci istəkləri bu dövləti özləri yaratsalar belə, “dövlətdən qurtulmaq”dır.
Paşinyanın bu çıxışı etirazlara səbəb olub. O, parlamentin tribunasından danışarkən müxalifətdən olan deputat Qeqam Manukyan cəld şəkildə Milli Assambleyanın yeməkxanasına enib, bir stəkan qatıq götürərək zala qayıdıb və Baş nazirin çıxışını dinləyə-dinləyə qatıq yeyib. Paşinyan bunu görsə də, heç bir reaksiya verməyib.
Çıxış bitdikdən sonra Manukyan Paşinyanın sözlərindən zəhərlənməmək üçün qatıq yediyini deyib. Belə ki, SSRİ dövründə kimyəvi zavodlarda işləyən fəhlələrə zəhərlənməmələri üçün süd və qatıq verildiyi bildirilir. Manukyanın son 3 gündə büdcə müzakirəsi zamanı bu ənənəni davam etdirdiyi qeyd olunur. Hakim “Mülki Müqavilə” fraksiyasının üzvlərinin adətən çıxışlar zamanı müxalifətin ünvanına tənqidlər səsləndirməsi səbəbindən deputatın belə bir addım atdığı deyilir.
Həmçinin Qeqam Manukyan Nikol Paşinyanın çıxışı zamanı Ermənistanın Müstəqillik Bəyannaməsinin xətalı olması və “tarixi Ermənistan” fikirlərini dilə gətirdiyi zaman zəhərlənmək istəmədiyini bildirib.
Elxan SALAHOV