"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Bakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılmasına səbəb olan amilləri şərh edərkən bildirib. O, deyib ki, İrəvandakı “Rus evi” Ermənistan Elmlər Akademiyasının elmi mərkəzi ilə müqavilə imzalayaraq əməkdaşlıq əlaqələri də qurub. Onun sözlərinə görə, həmin müqavilə birgə tədqiqat layihələri, konfrans və seminarların təşkilini nəzərdə tutur: "Bu, İrəvandakı “Rus Evi”nin fəaliyyətinin görünən tərəfidir. Bakıda fəaliyyəti dayandırılan “Rus Evi” kimi İrəvandakı eyniadlı qurum da Ukrayna əleyhinə sərgilər keçirib, Donbas separatçılarının “qəhrəmanlıqları” barədə mətnlər yayıb. Ümumiyyətlə, “Rus Ev”ləri Moskvadan idarə olunduğuna görə, bu mərkəzlərin hər birinə eyni təlimatlar verilir".
Politoloq İrəvandakı “Rus Evi”nin daha bir fəaliyyət istiqamətinin olduğunu deyir. Onun fikrincə, həmin mərkəz İrəvandakı Qərb dairələri ilə açıq-gizli mübarizə aparır: "İrəvandakı “Rus Evi”nin rəhbəri Vadim Fefilov bunu heç gizlətmir. O, müsahibələrinin birində Qərbin İrəvandakı çoxsaylı mərkəzlərinin fəaliyyətindən şikayətlənərək deyib ki, Qərb ölkələrinin səfirlikləri İrəvandakı mərkəzləri idarə edirlər. Guya İrəvandakı “Rus Evi” Rusiya səfirliyindən təlimat almır”.
Elxan Şahinoğlu hesab edir ki, əslində Vadim Fefilovun dedikləri açıq-aşkar Ermənistan hökumətinə qarşıdır: "Çünki Qərb mərkəzlərinin fəaliyyətinə Ermənistan hökuməti şərait yaradıb. “Sputnik Ermənistan” agentliyinin də fəaliyyəti bu istiqamətdədir. “Sputnik Ermənistan” agentliyi həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti əleyhinə fəaliyyət göstərir, Paşinyana müxalif olan radikal qüvvələr və Qarabağ separatçılarına informasiya dəstəyi verir”.
Elxan Şahinoğlu bildirib ki, Nikol Paşinyan Bakıda “Rus Evi”nin bağlanması və “Sputnik Azərbaycan”ın fəaliyyətinin məhdudlaşdırılması fonunda iki yoldan birini seçə bilər: “Birinci yol, Azərbaycan kimi Ermənistanda da “Rus Evi” və “Sputnik Ermənistan”ın fəaliyyətlərinin məhdudlaşdırılmasıdır. Bunun üçün Paşinyanın tam əsası var, hər iki qurum Ermənistan hakimiyyətinin əleyhinə çalışır. Paşinyan bu yolu seçməklə, Rusiyanın Cənubi Qafqazda nüfuz imkanlarını bir az da məhdudlaşdırmış olacaq. İkinci yol, əksinə, Rusiyanın adıçəkilən iki mərkəzinin fəaliyyətlərini davam etdirməsinə şəraitin yaradılmasıdır. Bu halda İrəvan Bakı ilə müqayisədə Rusiyaya yaxın görünmək istəyəcək. Ancaq bu yolun Paşinyan və komandası üçün faydası yoxdur. Çünki Kreml “Rus Ev”ləri və “Sputnik”ləri vasitəsilə Rusiyanın imperiya maraqlarını gücləndirməyə çalışır. Paşinyan isə Rusiyanın zəncirlərindən qopmayınca, ölkəsinin müstəqilliyini təmin edə bilməyəcək”.
Elxan SALAHOV