ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın yüksək vəzifələrə təklif etdiyi namizədlər Ermənistanda ümidlər yaradıb.
"Vətən səsi" xəbər verir ki, demokratları dəstəkləyən və Kamala Harrisin qələbəsinə yatırım edən ABŞ-dakı erməni diasporunun yanlış seçimi İrəvanla sıx təmasda olan qüvvələri ciddi narahat edib. Lakin son bir neçə gündə Trampın qeyri-rəsmi şəkildə formalaşdırmağa başladığı yeni administrasiyada yüksək vəzifələrə namizədliyi irəli sürülən şəxslərin siyasi baxışları və mövqeyi erməni ekspertlərdə ümid yaradıb. Hətta yeni administarsiyada təmsil olunacaq bəzi şəxslərin Ermənistan üçün “yeni üfüqlər” açacağını iddia edənlər də var.
Ermənistan mətbuatının yaydığı məlumata görə, erməni diasporu ilə sıx əməkdaşlıq edən ekspert Suren Trampın vəzifəyə namizdəliyini dəstəklədiyi şəxslərdən bir neçəsinin adını çəkərkən sevincini gizlədə bilməyib. O, yeni prezidentin gələcək administrasiyası çox sürətlə formalaşdırmasından mənun olduğunu deyib: "Dövlət katibi vəzifəsinə namizəd Vaşinqtonda Çinə qarşı sərt mövqeyin tərəfdarlarından olan senator Marko Rubiodur. Rubionun erməni icması və təşkilatları ilə yaxşı əlaqələri var. O, dəfələrlə Türkiyə və Azərbaycana qarşı sərt siyasətin tərəfdarı olduğunu bildirib. Təhlükəsizlik müşaviri vəzifəsinə namizəd konqresmen Mayk Valsdır. Vaşinqtonun Çinə qarşı ən sərt tərəfdarlarından biridir. O, dəfələrlə Türkiyə və İrana qarşı sərt siyasətin tərəfdarı kimi çıxış edib. İcra hakimiyyətinin səmərəli işinin təşkili şöbəsinə İlon Mask və ermənipərəst Vivek Ramasuami rəhbərlik edəcək. Milli kəşfiyyata qatı ermənipərəst olan Tulsi Qabbard rəhbərlik edəcək. Erməni gündəmini irəli sürməkdə erməni icması, erməni təşkilatları, lobbiçilər və kilsə üçün yeni üfüqlər açılır”.
Elxan SALAHOV