Bu barədə məlumat Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanatında yer alıb.
Hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamağın vacib olduğunu bildirən Aİ Şurasının Prezidenti qeyd edib ki, “bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir”.
Bəyanatda Avropa İttifaqının uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazır olduğu vurğulanıb.
“Avropa İttifaqı hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək. Biz noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəldik”, - deyə Şarl Mişel bildirib.