Bu sözlər Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynovun açıqlamasında yer alıb.
O bildirib ki, “Hibrid müharibə” termini ilk dəfə olaraq ABŞ-ın Dəniz Piyadaları Korpusunun tərkibində xidmət etmiş və 30 ildən çox milli təhlükəsizlik məsələləri üzrə məşğul olmuş analitik, hərbi məsləhətçi kimi fəaliyyət göstərmiş Frenk Hoffman tərəfindən 2007-ci ildə dərc edilən “XXI əsrdə münaqişə: hibrid müharibələrin yüksəlişi” monoqrafiyasında işıq üzü görüb. “Hibrid müharibə” müntəzəm olmayan hərbi qurumların, təhlükəsizlik xidmətlərinin xidmətlərindən istifadə edərək, təxribat, sabotaj, diversiya, informasiya, maliyyə və iqtisadi əməliyyatlar, kiberhücumlar, insanların davranışına psixoloji təsir göstərmək və sair kimi pozuculuq fəaliyyətləri yerinə yetirməkdən ibarətdir. Hazırda ölkəmizə qarşı sosial şəbəkələrdə qarayaxma kampaniyası, kiberhücumlar, feyk məlumatların dövriyyəyə buraxılması və sair daha çox müşahidə olunmaqdadır.
“Otuz ilə yaxın müddətdən sonra erməni işğalına son qoyulması, separatçılığın kökünün kəsilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi bəzi dövlətlər, onların birlikləri və beynəlxalq təşkilatlar tərəfindən qeyri-adekvat reaksiyaya səbəb olub. Onlar aşkar şəkildə ölkəmizin uğurlarını həzm edə bilmirlər. Əsas məqsədləri daha konkret səviyyədə Azərbaycanı daxildən siyasi, ideoloji, mənəvi-əxlaqi və mədəni baxımdan parçalamaqla güclü dövlət və güclü cəmiyyət quruculuğunu, müstəqil siyasət kursunu sarsıtmaqdan ibarətdir.
Vll çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev əldə etdiyimiz uğurların və önümüzdə duran hədəflərin geniş təhlilini verdi. Qeyd olundu ki, dövlətimizin qarşıdakı illərdə ən başlıca vəzifəsi müdafiə qabiliyyətimizin və milli təhlükəsizliyimizin yüksək səviyyədə qorunması, sərhədlərimizin daha da möhkəmləndirilməsidir. Dövlətimizin başçısının “Bizim Qələbəmizi həzm edə bilməyən bəzi xarici dairələr bizə qarşı yeni planlar hazırlayırlar. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur” tezisi hər birimiz üçün əsas prioritet olmalıdır”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, COP29 ərəfəsində Azərbaycana qarşı Qərb mediasında şiddət tendensiyası artır. Bakıda iqlim sammitinin keçiriləcəyi tarix yaxınlaşdıqca imperialist Qərb bütün imkanlarını işə salaraq, Azərbaycanın nüfuzuna mümkün qədər xələl gətirməyə çalışır. Aydındır ki, Qərbin Cənubi Qafqaz regionunda istənilən vasitə ilə möhkəmlənmək istəkləri Bakının səyləri nəticəsində uğursuzluğa düçar olduqdan sonra yeni planlar həyata keçirməyə dair cəhdlər nəzərə çarpır. Azərbaycanın müstəqil siyasət aparması ABŞ-ın və Avropanın bəzi düşmən şəxslərində böyük narahatlığa səbəb olub. Beləliklə, anti-Azərbaycan isteriyasının xaricdəki təşəbbüskarları təsir və təzyiq siyasətlərindən əl çəkmək istəmirlər.
Politoloq deyib ki, Azərbaycanın siyasi və sosial baxımdan tərəqqisini bəzi Qərb dairələri qəbul etmək istəmirlər və ölkəmizə qarşı destruktiv və parazit təşəbbüslər, dağıdıcı strategiyalar həyata keçirmək yolunu tuturlar. Avropa və Amerika siyasətçilərinin məntiqinə görə, əgər Bakı onların ifrat hegemoniya siyasətlərinə qarşı çıxırsa, deməli ona böhtan atmaq, ləkələmək və nüfuzdan salmaq lazımdır.
Qərb qüvvələrinin Cənubi Qafqazda xaos yaratmaq üçün əlindən gələni etdiyini deyən İlyas Hüseynov əlavə edib: “Azərbaycanın qərarlarına təsir etmək, onun iradəsini özünə tabe etdirmək həvəsi olan, lakin bunu bacarmayan, paralel olaraq, “demokratiya” və “insan haqları”nın Qərb keşikçiləri Ermənistana yem atırlar. Qərb qüvvələri öz islamofob və türkofob siyasətləri, birbaşa erməni lobbisinin dəstəyi ilə Bakının artan nüfuzunu və təsirini boğmağa çalışır, Azərbaycanı təcrid etmək cəhdlərini gücləndirirlər. Gah Azərbaycandakı seçkiləri bəyənmirlər, sonra insan hüquqların tapdalanmasını dilə gətirirlər, daha sonra Bakının beynəlxalq səviyyədə tanınmış əraziləri ilə bağlı qərarlar verməsini qəbul etmək istəmirlər. Bu sırada hakimiyyətin legitimsizlik obrazını yaratmaq üçün siyasi elitanın mənfi imicini formalaşdırmaq, dil, din və mədəniyyət faktorundan anti-Azərbaycan və antitürk ruhda istifadə etmək, bütövlükdə, Azərbaycanın güclü dövlət və güclü cəmiyyət kimi yoluna davam etməsi qarşısına süni əngəllər yaratmaq özünü daha çox göstərir. Bu prosesdə 3 qrup iştirak edir: Ermənistan və erməni lobbisi, Azərbaycana qarşı iddiaları olan Qərb dairələri və daxili xəyanətkar qüvvələr”. (AZERTAC)